«AVTO» müəssisəsinin istehsal etdiyi dondurmaları almayın!

21 İyun 2010 18:14
İqtisadı İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AVTO" müəssisəsində istehsal edilən dondurmalardan götürülmüş nümunələrin laborator müayinəsi başa çatıb. Milli.Az xəbər portalına nazirlikdən verilən məlumata görə, aparılmış laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Plombir", "Karvan" və "Eskimo" plombir dondurmalarında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının isə normadan çox olduğu aşkarlanıb. Bundan başqa, "Azərbaycan" plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, həmçinin bu dondurmaların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu aşkar edilib.

Bununla əlaqədar, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 265 kq dondurmanın məhv edilməsi və müəssisə tərəfindən istehsal edilmiş dondurmaların ticarət şəbəkəsindən yığılması barədə Dövlət Xidməti tərəfindən müəssisəyə icrası məcburi göstəriş verilib. Dondurmaların etiketində saxlama müddətini normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilərək, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyi üçün "AVTO" müəssisəsi barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "AVTO" müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli dondurmaları almamağı tövsiyə edir.

Milli.Az