Təyyarələri qəsdən qəzaya uğradan pilotlar - NƏ ÜÇÜN?

26 Mart 2015 22:51
Fransada göyərtəsində 150 nəfərin olduğu "Airbus A320" təyyarəsinin qəzaya uğraması bütün dünyanı şoka saldı. Avropanın mərkəzində ən müasir tələblərə cavab verən təyyarənin Alp dağlarına çırpılması ilk vaxtlar müxtəlif versiyaların səsləndirilməsinə səbəb olsa da, bu gün Fransanın Marsel şəhər prokurorluğunun keçirdiyi geniş mətbuat konfransı mənzərəyə aydınlıq gətirdi. Marsel prokuroru Bris Roben qəzanın bədbəxt hadisə olmadığın deyib. İstintaqın fikrincə, 28 yaşlı ikinci pilot Andreas Lubitsin pilot kabinesində təkbaşına qalmasından istifadə edərək, təyyarəni bilərəkdən 2 min metr yüksəklikdə yerləşən dağlara çırpıb. Onun sözlərinə görə, pilotun atdığı addımın motivləri hələ ki, müəyyən olunmayıb.

Ümumiyyətlə, aviasiya sahəsində qəbul olunmuş beynəlxalq qaydalar təyyarə pilotlarının kabinədə heç zaman təkbaşına qalmamasını və müəyyən müddətdən bir psixoloji testlərdən keçirilməsini tələb edir.

Milli.Az modern.az-a istinadən pilotların təyyarəni qəsdən qəzaya uğratmaqla yüzlərlə insanın ölümünə səbəb olduqları aviaqəzalar haqda statistikanı təqdim edir.

Avropadakı faciəyə qədər pilotun planlı şəkildə törətdiyi təyyarə qəzası Afrikada qeydə alınmışdı.

2013-cü il noyabrın 29-da Mozambikdən Anqolaya səfər edən "Embraer E190" təyyarəsinin qəzaya uğraması nəticəsində 28 sərnişin və 6 heyət üzvü həlak olmuşdu. Təyyarəninin "qara qutu"sundakı səs yazıları yerə çırpılan zaman ekipaj kabinəsində yalnız 1-ci pilotun olduğunu müəyyən edib. Digər pilotun və stüardessanın da kabinəyə daxil olmaq istəməsinə baxmayaraq, 1-ci pilot qapını açmayıb və təyyarəni yerə çırpıb. Sonradan aydın olub ki, hava gəmisinin pilotu boşanma ərəfəsində olub və qəzadan 1 il öncə oğlu başqa hava qəzasında həyatını itirib.

Daha öncələr - 1999-cu ildə Los-Ancelesdən Qahirəyə uçan "Boing 767" təyyarəsi Atlantik okeanı üzərində qəzaya uğramışdı. Nəticədə 203 sərnişin və 17 heyət üzvü həlak olmuşdu. "Qara qutu" heyətin kapitanı Əhməd Əl-Habaşinin kabinəni tərk edərək ayaqyoluna getdyini, yarım dəqiqə tək qalan ikinci pilot Hamil Əl-Batutinin isə 7 dəfə "Mən yalnız Alaha ümid edirəm" ifadəsini təkrar edərək, motoru söndürdüyünü müəyyən edib. "Qara qutu" yenidən kabinəyə qayıdan Əl-Batutinin "sən nə edirsən?" və "Sən mühərriki söndürdün?" deməsini və sürətlə yerə düşən təyyarəni tarazlığa qaytarması cəhdlərini qeydə alıb. Amma kapitana müqavimət göstərən ikinci pilot sonda təyyarənin qəzaya uğramasına nail olub.

1997-ci il dekabrın 19-da isə Sinqapura uçan "Boing 737" təyyarəsi 10 metr yüksəklikdə qəfil istiqamətini dəyişərək yerə çırpılmışdı. Hadisə zamanı 104 nəfər dünyasıı dəyişmişdi. Uzun analizlərdən sonra təyyarənin qəzaya uğramasının təqsirkarı kimi kapitan Çu Vay Minq olduğu müəyyənləşmişdi. Çoxlu borcları olduğu üçün depressiyada olan Minq ikinci pilotu hiylə ilə kabinədən çıxararaq, qapını içəridən bağlamışdı. Təyyarənin bütün cihazlarını söndürən pilot özüylə birlikdə 103 nəfərin də həyatına son qoymuşdu.
 

Milli.Az