Gədəbəydə yerləşən "Qız qalası" abidəsində tədqiqatlara başlanılıb
22 Oktyabr 2012 19:43
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonun Söyüdlü kəndinin ərazisində yerləşən, el arasında və eləcə də ədəbiyyatda "Qız qalası" kimi tanınan abidə ilə bağlı arxeoloji tədqiqat işlərinə başlanıb. Sıldırım qayalıqda tikilmiş qalanın bünövrə hissəsi qalaça tikililəri formasında olan iri daşlarla bəndlənib. Qalan qala divarları Bakıdakı "Qız qalası"nın divarlarına bənzəyir.
Yerli əhali arasında yayılan əfsanəyə görə, vaxtilə burada saxlanılan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən, tikili "Namərd qala" da adlandırılır. 9-11-ci əsrlərdə inşa olunan qala əlçatmaz sıldırım qayanın üzərində yerləşir. Ətrafı meşə olan qalaya yalnız piyada qalxmaq mümkündür. Bu tikili digər tarixi abidələrdən fərqli olaraq, kərpiclə hörülüb. Qalanın yaşı da kərpic tikililər əsasında təyin edilib. Belə ki, uzunluğu 23-25 sm, eni 5-6 sm olan kərpiclər həmin dövrlərdə istehsal olunub.
Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov: "Digər qalalar kimi, Gədəbəydə yerləşən "Qız qalası"nın içərisindən də Şəmkir çayına enmək üçün gizli yol var. Düzdür, o gizli yolun yerini dəqiq deyil, təxmini bilirik. Onun içərisində mühafizəçilərin durduğu yerlər
də var".
"Qız qalası" beş dairəvi sütundan ibarətdir. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Qalanın uzunluğu 250 metrdir, dəniz səviyyəsindən təxminən 1800-2000 metr hündürlükdə yerləşir.
"Qalada arxeloji tədqiqat işləri ilk dəfədir ki, aparılır. Ola bilsin ki, kimsə kənardan gəlib, qalanın şəklini çəkib, amma yaxınlığına ilk dəfə biz tədqiqatçılar gəlmişik. Burda tədqiqat işləri çətinliklə aparılır".
"Qız qalası" ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qeyd edək ki, "Qız qalası" adlı abidələr Azərbaycan ərazisində geniş yayılıb. Naxçıvan, Goranboy, Şamaxıda da belə qalalar mövcuddur. Qalanın adı isə onun hücumlar zamanı alınmaması, düşmən tərəfindən talanmaması, işğala məruz qalmaması ilə bağlıdır. Belə qalalar müdafiə istehkamları rolunu
oynayıb.
Milli.Az