Rəqsanə: «Qızımın atası şou-biznesdədir, kim bacarırsa, onun adını desin!"

24 İyun 2010 09:35
"Amma sonra başları çox ağrıyacaq..."


Hər zaman qalmaqallar mərkəzində olan müğənni Rəqsanə İsmayılova şəxsi həyatı ilə bağlı gəzən şayiələrdən yorulub. İkinci qızı Yağmurun atasının kimliyi ilə bağlı gəzən söz-söhbətlərə son qoymaq qərarına gələn müğənni "Yağmurun atası özü nə vaxt istəyər, kimliyini açıqlayar" - deyə müğənni Milli.Az xəbər portalına açıqlamasında bildirib: "Əslində hamı çox yaxşı bilir ki, qızımın atası kimdir. Sadəcə, heç kimin hünəri çatmır ki, bunu açıqlasın. Mən hamıya ismarıc göndərirəm: kim bacarırsa, qızımın atasının adını desin! Amma bundan sonra başları çox ağrıyacaq. O, adam şou-biznesdədir, amma müğənni deyil. Baxmayaraq ki, həmin adamın gəliri mənimkindən azdır, amma arxa-dayağa ehtiyacım var. Bu gün atası qızı ilə maraqlanır. Onunla münasibətlərim normaldır".

"... Mənzilimi əlimdən alıblar"

Müğənni özü haqqında gəzən digər şayiəyə də aydınlıq gətirdi: "Deyirlər ki, guya mənzilimi əlimdən alıblar. Bu belə deyil. Hər kəsin borcu ola bilər. Sadəcə olaraq, bankdan pul götürmüşdüm, artıq borcumu bağlamışam".

"Görəsən, mən də insanları bezdirmişəm?!."

Artıq qalmaqallardan yorulan müğənni söz-söhbətdən yorulub: "Mən sənətə təzə gələndə qalmaqallara yaxşı baxırdılar, hamı izləyirdi. Mən də sənətə gələndə kifayət qədər qalmaqallarla gündəmi zəbt eləmişəm. Elədiyim söz-söhbətlərin hamısı həqiqət idi. İndi isə bütün bunlara artıq maraq qalmayıb. Bir müddət efirdə olmayanda şou-biznesdə baş verənləri kənardan izlədim. Fikirləşdim ki, görəsən, mən də insanları belə bezdirmişəm?! Artıq qalmaqallara marağım, həvəsim qalmayıb. Fikrimcə, muğama daha çox önəm verildiyindən bütün bu qalmaqallar öz reytinqini itirib".

"Sevdiyim insan olsa da, özümü tənha hiss edirəm"

Rəqsanə "Həyatda sevdiyim insan olsa da, özümü tənha hiss edirəm"- söyləyir: "Həmişə hər yükün altından tək qalxıram, mübarizədə tək oluram. Bütün bunların niskilini də çəkirəm. Həyat məni sındırmayıb, insanlar isə sındırmağa çalışıb. Bəzi xoşagəlməyən işlərə əl atıblar. Düzdür, bu gün bir vaxtlar arzuladıqlarımın hamısına nail olmuşam. Amma hərdən fikirləşirdim ki, kaş tanınmazdım, əvəzində daxili rahatçılığım olardı. Qazandığım məşhurluq mənə bəzi anlarda mane olur. Bir neçə planım var, həyata keçsə, sənətimi atacağam".

"Keçmiş sevgilim məni çox döyürdü"

Keçmiş sevgilisindən söhbət açan Rəqsanə hazırda onunla dost olduqlarını dilə gətirdi: "O, mənim əsl sevgim olub. Ondan ayrılmağım həm günahım, həm cəzam idi. Günahım o idi ki, sevdiyim insandan ayrıldım. Məni Rəqsanə edən insan həyatımda olsaydı belə problemlərlə baş-başa qalmazdım. Qısqanclığı ucbatından ayrıldım. Məni çox döyürdü, on dəqiqədən sonra isə barışırdıq. Aramızda çox böyük söz-söhbət oldu. Bir müddətdən sonra mənim gözləmədiyim anda zəng elədi. Həmişə istəyirdim ki, mənə elədiyi yaxşılıqlara görə halallıq versin. Həmin zəngində dedi ki, gecələr narahat yatıram. Sənə elədiklərimi halal edirəm. İndi onunla dost kimi qalmışıq. Onu da deyim ki, o, ailəlidir. Hamı, hətta ailəsi də münasibətlərimizdən xəbərdar idi. O, heç nədən çəkinmirdi, məni ailə gözündə görürdü. Hər halda, ailəsi gözündə görməsəydi, yolumda o qədər əziyyət çəkməzdi".

Aytən
Milli.Az