Böyük azadlıq mücahidi Məhəmmədtağı xan Püsyan
19 Oktyabr 2012 19:16
Keçən əsrin əvvəllərində Cənubi Azərbaycanda gedən xalq hərəkatının fəalları arasında görkəmli bir şəxsin - Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə Püsyanın da adı keçir. Maraqlı burasıdır ki, onun atası mayor Məhəmmədbağır xan İnayət üs-sultanın nəsli XIX yüzilin I yarısında Şimali Azərbaycandan ora köçmüşdü. Ailə Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, oradan da Təbrizə getmişdi. Onların soyadı Soltanzadə olsa da, doğma yurdun adı ilə Püsyan çağırılırdılar.
Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə 7 avqust 1891-ci ildə Təbriz şəhərində doğulmuşdu. O, 1899-1905-ci illərdə Təbrizin "Loğmaniyyə" mədrəsəsində oxumuşdu. Bundan sonra o, təhsilini artırmaq məqsədilə 1906-cı ildə Tehrana üz tutmuş, 5 il "Mədrəsə-yi nizami" adlı hərbi zabitlik məktəbində oxumuşdu. 1911-ci ildə "Mədrəsə-yi nizami"ni bitirib leytenant rütbəsi ilə hərbi qulluğa girərək, kapitanlıq dərəcəsinədək yüksəlmışdı. O, hərbi məktəbdə oxuyarkən altı ay müəllim və tərcüməçi vəzifəsində işləmiş, sonra adyutant mütərcim vəzifəsini saxlamaqla, Sirab (Həmədanda) hərbi dəstəsinin komandiri olmuşdur.
O dövrdə nəşr olunan "Tehran", "Həmədan", "Kirmanşah" qəzetləri onu "ən cəsarətli zabit", "kəndlilərin dadına çatan" adlandırmışdı. O, Həmədanda ikən Kirmanşahda təşkil olunmuş İran milli hökuməti silahlı qüvvələrinin bu hissəsinə komandir təyin qoyulur. Bu müddətdə gənc Türk zabiti Bidsərx, Qəzvin, Kəngavər, Kirmanşah cəbhələrinin komandiri vəzifəsini daşımış, ixtiyarındakı 1500 nəfərlik atlı və piyada hissələrlə Rus və Ingilis qoşunlarına qarşı uğurlu yürüş əməliyyatları aparmışdı.
Ölkədə gedən inqilabi hərəkat zamanı Məhəmmədtağı xan Leypsiq şəhərinfə riyaziyyat və musiqi təhsili alırdı. Təhsil aldığı dövrdə bu Azərbaycan oğlu müəllimlərinin ailəsində elə xoş təəssürat yaratmışdı ki, muəllimi və müəlliminin qadını Knayr sonralar, onun haqqında kitab yazmış, Məhəmmədtağı xanı "Ən nəcib iranlı" adlandırmışdı.
Araşdırmaçı Ənvər Çingizoğlu yazılarında bu azadlıq mücahidi haqqında maraqlı faktlar açıqlayır. O dövrdə M.Püsyan Alman qoşunlarında xidmət edirdi və oradan geri qayıdan gənc Azərbaycan zabiti İsveçə gəlmiş, sonra Petroqrada yollanmışdı. Bu zaman Petroqrad Oktyabr çevrilişindən sonrakı təlatümlər içərisində idi. Rusiya bolşeviklərinin sinfi bərabərlik, imperializm, müstəmləkəçilik, milli zülm əleyhinə yaydıqları şüarlar, apardıqları təbliğat 28 yaşlı vətənpərvərə təsirsiz qala bilməzdi. Onu da qeyd edək ki, Petroqraddakı 1917-ci il oktyabr çevrilişində M. Püsyanın bir sıra həmyerililəri, o cümlədən məşhur inqilabçı Heydər Əmioğlu və onun qardası Süleyman Tarıverdiyev də fəal iştirak edirdilər.
Məhəmmədtağı xan 1920-ci ildə Ənzəli yolu ilə İrana qayıtdı. 1915-ci ildə Qacarlar dövlətinin qərbindəki Türkiyə əsgərləri marş oxuyarkən ölkənin bütövlükdə onların olacağını söylədikləri xəbərini eşidən zabit M.Püsyan əvvəl məktubla, sonra şəxsən Türkiyə komandanına müraciət etmiş, qəti etirazını bildirmişdi. Sonra marşın sözlərinin dəyişib qardaşlıq ruhuna salındığını eşidən və sevinən komandir "var olsun qeyrətli, qəhrəman oğlu Məhəmmədtağı xan Püsyan!" cümləsinə də etiraz etmişdi.
Cəsur mübarizə adamı
Onun ölümündə böyük rol oynamış gizli polis rəisi Bağır Amili və Nasir Səskər belə Püsyanın vətənpərvərliyini və qəhrəmanlığını etiraf etmişlər. Tarixçi M.Müctəhidi isə yazır: "Təvazökarlıq, utanmaq və həyalılıq, iffət, alicənablıq, özünün tərifinə yol verməmək, xidmətlərini və hünərlərini başqası izah edərkən narahat olmaq kolonelin (Fransizca "polkovnik" deməkdir) bariz sifətlərindən idi". "Məlik üş-şüara" Bahar Məhəmmədtağı xanın qaldırdığı üsyanın əleyhinə olsa da, şəxsiyyətini, cəsarətini, vətənpərvərliyini tərif etmişdi. Şair Bahar keçmiş dostunun həyat yolundan bəhs edərək yazırdı ki, "Məhəmmədtağı xan mühacirət dövründə Şeyx Həsən Tehrani ilə dost idi. Mən və Tehrani Demokrat Firqəsindən idik. Məhəmmədtağı xan da bu firqəyə meyilli idi və ona inanırdı. Tehraninin evində onunla görüşüb Xorasanda bir hərbi-milli cəmiyyətin mərkəzinin yaradılması barədə gedirdi. Əslində onun bu işlərdən ötrü ürəyi gedirdi. O, kəmal-i məmnuniyyətlə bizim izahatımızı qabul etdi...".
"O zaman ölkədə gedən mürəkkəb ictimai-siyasi proseslər mərkəzi hakimiyyəti xeyli zəiflətmişdi. Davam edən Şeyx Məhəmməd Xiyabani (Azərbaycan) və Gilan hərəkatı Tehranı sarsıtmışdı. Lakin, eyni zamanda bəzi yerdə xanlıq, feodalların özbaşınalığı kimi mürtəce proses də inkişafda idi. 1920-ci ilin oktyabrında polkovnik Məşhədə göndərildi. Bu, Demokratik qüvvələrin qələbəsi demək idi. Kolonel M.Püsyan Məşhədə gəldikdən sonra Demokrat Firqəsinin üzvləri ilə yaxınlaşır, onlarla iş aparmağa başlayır. O, yerli irticanın vali Qəvam üs-səltənəyə və İngilis konsuluna arxalandığını bilirdi. İrticaya qarşı mübarizə aparmaqda isə ona firqənin görkəmli üzvlərindən Haci Məhəmməd ağa Tahbaz, Məhəmməd Haşım Mirzə Ənsər, Haci Hüseyn ağa Malik kimi liberal burcua-mülkədar nümayəndələri, mütərəqqi fikirli ruhanilər, Məşhəddə yaşayan Azərbaycan tacirləri, sənaye sahibləri, əsnaf və qəsbkarlar kömək edirdilər. Məşhədin görkəmli sənaye sahiblərindən Əli xan, Məhəmməd xan, Əmioğlu qardaşları Kolonelin maarif, mədəniyyət sahəsində islahat tədbirlərinin həyata keçirilməsindən ötrü maddi yardım etməyi öhdələrinə götürmüşdülər. Əyalətin yeni jandarm rəisi "Milli komitə" adlı təşkilat yaradaraq onun şöbələrini başqa şəhələrə də yayırdı. Tezliklə təşkilatın 3000-nə yaxın üzvü oldu"(Vikipedia).
M.Püsyan rəisliyə keçən kimi jandarmeriyanın büdcəsini Qəvam üs-səltənənin cibinə axmaqdan azad ədib, idarənin xərclərinə yönəltdi. Bu, Qəvam üs-səltənə ilə onun ilk toqquşması idi. Lakin Məhəmmədtağı xan azadlıq düşməni Əhməd Qəvam üs-səltənə və İngilis konsulunun nümayişkəranə şəkildə cəzalandırmaq istədikləri siyasi məhbusları da azad edib irticaya ikinci zərbə vurdu. Üçüncü zərbə daha ağır idi: Məhəmmədtağı xan yüz illər boyu Xorasanda özbaşınalıq edən, indi də vali və İngilis konsulu tərəfindən bir çox məqsədlər üçün istifadə olunan feodal hərbi qüvvələrini dağıtmışdı.
Kolonel Məşhədə gələrkən Tehrandan özü ilə bir dəstə zabit gətirmişdi. Onların böyük əksəriyyəti türklər idi. Polkovnikin ilk gördüyü işlərdən biri vali Qəvam üs-səltənəni həbs etmək oldu. Məşrutə hərəkatından üzü bəri çirkin əməlləri, azadlıq əleyhinə gördüyü işlərlə özünü ləkələmiş bu siyasi fitnəkarın hərbi qaragüruhu sarsıtmaqla yanaşı mütərəqqi qüvvələrə qol-qanad verdi. Qəvam üs-səltənə ilə bərabər 40 qatı irticacı da həbsə alınıb, əmlakı müsadirə edildi. Bunları görən Xorasan əhalisi şənlik içində idi.
Lakin atasının yaxın dostu, demokrat fikirli Haci Məhəmməd Tahbaz, Gilan Respublikasının Xarici İşlər naziri M.C.Pişəvəri ilə görüşlərdən aldığı təəssüratla Məhəmmədtağı xan daha dərin, içtimai-siyasi, iqtisadi islahatlara əl atdı. O, zabit Qulam Hüseyn xan Pedərin başçılığı ilə "Milli xəzinə" adlı fond yaratmışdı. Soyqunçu, zülmkar feodallardan müsadirə edilənlər bəzi liberal dövlətlilərin, xəyriyyəçilərin verdikləri ianə, həmçinin Türküstandan mühacirlərin Aşqabaddan göndərdikləri qızıllar bu fondda saxlanılırdı.
Qanda boğulan inqilab
Xorasan jandarmeriyasının əsasını təşkil edən qruplardan biri də "Kavə partizan ordusu" idi. O, Məhəmmədtağı xan Püsyana (general Həmzə xan Püsyanın oğlu) tapşırılmışdı. O isə bu sahədə yüksək təcrübəli hərbçi idi. Xorasanın gənc valisi yaxın gələcəkdə üzləşəcəyi irtica qüvvələrinin nəhəngliyini, döyüşlərin amansızlığını nəzərə alıb Məşhəddə serjant, leytenant yetişdirən hərbi məktəb açdırmışdı. Oranı qurtaranların bir hissəsi sonradan baş qaldıran irticaya qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. M.Püsyan özü də həmin məktəbdə müxtəlif ixtisaslardan dərs deyirdi.
Qəvam üs-səltənə vilayətə tez-tez casuslar göndərir, onları valilikdə, jandarm, polis idarələrində, müxtəlif müəssisələrdə, təşkilatlarda vəzifələrə düzəltdirirdi. Belə təxribatçıları zabitlər arasında yerləşdirməyə də müvəffəq olmuşdu. Ətrafda isə milli-azadlıq hərəkatlarına, demokratik qüvvələrə ağır zərbələr vurulmaqda idi. Vaxtilə Məhəmmədtağı xanı Xiyabani hərəkatı əleyhinə döndərmək istəyənlər bu arzuya çatmasalar da, 1920-ci il sentyabrin 14-də üsyanı qan içində boğmuşdular. 1921-ci il oktyabrın əvvəllərində Gilan Rəspublikası da yıxıldı. Əvvəlcə Mirzə Kiçik Xan, dalınca məşhur inqilabçi Heydər Əmioğlu öldürüldü. Bu qanlı aksiyalarda Qəvam üs-səltənə ilə yanaşı, hərbi nazir Rza xan Pəhləvini və dinsiz Ehsanulla xanın rolu az deyildi. Dinsiz hərəkatları ilə hərəkatı laxladan inqilabçı Ehsanulla xan qaçıb Aşqabaddan Xorasan üsyançılarına öz köməyini təklif etdikdə, vəziyyəti ağırlaşan üsyan rəhbəri belə cavab vermişdi: "Sizin yaxşılığınızı istəmirəm, pislik eləməyin".
Rza xanın isə qəhrəman Azərbaycan oğlu ilə ayrı haqq-hesabı var idi. Hələ 1915-ci ildə Həmədana jandarm rəisi göndərilmiş M.Püsyan şəhərdə özbaşınalıqlar törədən qazaqların qarşısını almaq üçün komandirləri Rza xana tələb göndərmişdi. Tələb cavabsız qaldıqda Məhəmmədtağı xan Rza xanın qərargahına girib qazaqları tərksilah etmiş, komandiri həbsə almışdı. Üç gün həbsdə yatan Rza xan azğınlıqlara son qoyan fərmanı imzalamağa məcbur olmuşdu. İndi Tehran hökumətindən əmr alan Rza xan 5 min qoşun, çoxlu top, pulemyot və başqa silahlarla Məşhəd üzərinə yürüyürdü. Məşhəddə olacaq hücuma təxribaçılar tərəfindən yollar açılırdı. Bu işdə kürdlər mühüm rol oynayırdı. Məhəmmədtağı xan dörd tərəfdən mühasirəyə alınmışdı. Xəyanətlərin isə ardı-arası kəsilmirdi. Üsyan rəhbəri Cəfərabaddan kömək gözlədiyi zaman oradakı jandarm başçıları Həsən xan Politik və Səyid Hasən xan Fəxrai Məşhədə göndəriləcək mərminin, güllənin qarşısını aldı. Üsyanın son dayaq məntəqəsi rabitəsiz, sursatsız qaldı.
Vaxtilə Oktyabr çevrilişini alqışlayan, RSFSR-in Tehrana göndərdiyi səlahiyyətli səfiri F.A.Rotşteyni qabul edib, şərəfinə ziyafət verən kolonel M.Püsyan Aşqabada, Bakıya teleqramlar göndərib kömək istədiyi zaman ümidsiz vəziyyətə düşdü.
Bakıdan Xorasan hərəkatına köməyə gedən cənubi Azərbaycanlı fəhlə dəstələrinin qarşısı türk xalqlarının qəddar düşməni S.M.Kirov aldı. Şübhəsiz, sovet hökumətinə azad, müttəfiq Şərq dövlətləri deyil, müstəmləkələr lazım idi. Belə olmasaydı, Bolşevik S.Orconikidzə Məşrutə hərəkətını dağıtmaz, Xiyabani üsyanı təklənməz, Heydər Əmioğlu öldürülməz, Məhəmmədtağı xan qaragüruh əlində qalmaz, erməni Mikael Avatesyan Sultanzadə adı ilə İran KP-nin rəhbərliyinə soxulmazdı. Təmamilə təklənib mühasirəyə düşən Məhəmmədtağı xan türklərin "Dəmir dəstə"dən olan son üzvləri də sıradan çıxdıqdan sonra bir neçə yerindən yaralandı və öldürüldü. Düşmənlər onun başını kəsib Qəvam üs-səltənə və Rza xan kimi cəlladlardan mükafat almaq istəyirdilər. Lakin bu qəhrəmanın ölümü də geniş azadlıq nümayişinə çevrildi. Onun adı tarixə azadlıq hərəkatının mübarizlərindən biri olaraq qızıl hərflərlə yazıldı.
"Azadlıq" qəzeti