Pay Point xidmətindən xəbəri olmayanlar var? - VİDEO
17 Oktyabr 2012 19:40
Əsasən, metro çıxışlarında, ali təhsil ocaqlarında, vağzallarda yerləşdirilən Pay Point adlı ödəmə terminallarının iş funksiyası vətəndaşların kommunal xərcləri, telefon, kredit borcları, eləcə də, digər mobil yükləmə zamanı həyata keçirdikləri əməliyyatı daha da asanlaşdırmaqdır.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, yəni vətəndaşın kommunal və digər xidmətləri ödəmək üçün heç bir idarəyə getməsinə ehtiyac yoxdur, bu terminallar vasitəsilə ödənişlərini yerindəcə həyata keçirə bilərlər. Baxmayaraq ki, artıq uzun müddətdir bu terminallar paytaxtın müxtəlif yerlərində quraşdırılıb, amma hələ də bu qurğunun hansı funksiyanı yerinə yetirməsindən, ümumiyyətlə, varlığından bixəbər olanlar var.
Terminalların funksiyasından razı olanlar bu ödəmə vasitələrinin işlərinə çox yaradığını deyirlər. Amma razılıq edənlər kimi onların fəaliyyətindən narazı olanlar da var. Bəzi vətəndaşlar ödəniş etdikdən sonra ya qəbzi ala bilmirlər, ya da ki ödəniş etdikləri məbləğin aparatda qaldığını deyirlər. Terminalların aparılan əməliyyatı ləng həyata keçirməsindən şikayət edənlər də tapıldı.
Yaranmış çətinliyi müvafiq idarə aradan qaldıra bilər
Ödəmə terminallarına nəzarəti həyata keçirən idarənin rəisi, Pay Point xidmətinin zəng mərkəzi bölməsinin rəhbəri Şirin Məmmədyarova artıq paytaxtın müxtəlif məkanlarında 500 belə ödəmə terminalının yaradıldığını, ilin sonuna kimi onların sayının 1000-ə çatdırılacağını bildirdi. O ki, qaldı vətəndaşların üzləşdiyi çətinliklərə, bunun da həlli yolu var. Yəqin ki, vətəndaşlar bundan sonra hər hansı bir problemləri yarandıqda Pay Point müştəri xidmətlərinə yaxınlaşıb problemi qısa zamanda həll edə biləcəklər.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.