Politoloq: "bp şirkəti iradlara cavab verməlidir"
12 Oktyabr 2012 18:54
"Azərbaycan hökuməti ilə bp şirkəti arasında yaranmış problemdə siyasi amillər rol oynamayıb və bu, siyasi xarakterli iş deyil".
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Media forum" saytına belə deyib.
Deputatın fikrincə, yaranmış problem iqtisadi xarakterlidir: "Bunun hansısa siyasi məqsədlərlə və süni formada yaradıldığını iddia etmək doğru olmaz. Amma bp-nin iqtisadi məqsədləri ola bilər. Neft yerin altındadır. Neftin hasilatını artırmaq üçün əlavə investisiyaya ehtiyac var, bu sahəyə sərmayə qoymaq lazımdır. İnvestisiyaların qaytarılması və gəlir əldə etmək üçün müddət var. "Əsrin müqaviləsi"nin müddəti 2024-cü ildə başa çatır. Ona görə də bp-nin iqtisadi məqsədləri ola bilər. Burada müqavilənin müddətinin uzadılması, başqa amillər rol oynaya bilər. Amma siyasi səbəblər axtarmaq yersizdir".
Rasim Musabəyov baş verənləri normal bir proses kimi qiymətləndirir. Onun fikrincə, Azərbaycan dövləti maksimum dərəcədə maraqlarını təmin etməyə, ölkənin mənafeyinə uyğun variantın həyata keçirilməsinə çalışır: "bp də bir şirkət kimi öz payçılarına daha çox dividend qazandırmağa cəhd göstərir. Burda maraqlar toqquşa da bilər. Azərbaycan indiyədək bp ilə əməkdaşlıq edib, bu şirkət ölkənin strateji tərəfdaşıdır. Əgər Azərbaycan dövlətinə zərər dəysəydi, bp şirkəti başqa qüvvələrin siyasi məqsədləri üçün çalışsaydı, onda biz "Şahdəniz", "Asiman-Şəfəq" yataqlarının işlənməsi üçün bp ilə yeni müqavilələr imzalamazdıq. Ona görə də məsələni qəlizləşdirmək lazım deyil.
Azərbaycan da bp ilə strateji əməkdaşlığına son qoymaq niyyətində deyil. Məsələnin beynəlxalq məhkəmə müstəvisinə çıxacağına inanmıram. "Əsrin müqaviləsi"ndə Azərbaycanı Dövlət Neft Şirkəti təmsil edir. Həm payçı, həm də Azərbaycan dövləti adından çıxış edən rəsmi qurum kimi Dövlət Neft Şirkətinin müəyyən tələblərlə çıxış etmək səlahiyyəti var. Konsorsiumun iclasları keçirilir və orda hesabat və vəziyyəti dəyişmək üçün tədbirlər görülməsi tələb oluna bilər".
Deputat bildirib ki, bp şirkəti iradlara cavab verməli, konkret addımlar atmalı, lazımi tədbirlər görməlidir: "Çünki bp operatordur və bu funksiyanı davam etdirmək üçün addımlar atmalıdır. bp operator kimi verilən proqnozlara, götürülən öhdəliklərə əməl olunmasına cavabdehdir".
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 oktyabr iclasındakı çıxışında bp-ni ittiham edib: "Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri", "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib. Konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb.
"Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlayıb.
Gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək".
Milli.Az