Etimologiya haqqında nə bilirik?
11 Oktyabr 2012 20:08
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetində elmi-nəzəri seminar keçirilib. Seminar universitetin Azərbaycan dili kafedrasında baş tutub.
Seminar zamanı qeyd olunub ki, bu gün bir çox sözlər müxtəlif dillərdə geniş istifadə olunsa da, əslində bu sözlərin öz mənşələri var. Məruzəçi Xəlil Əliyev seminar iştirakçılarına elm və tədrisin fərqlilikləri haqqında söhbət açdıqdan sonra etimoloji mülahizələrə keçid alıb.
Azərbaycan dili kafedrasının dosenti Xəlil Əliyev: "Təəssüf ki, universitetlərdə faktiki olaraq etimologiya tədris olunmur. Bu isə mənasını bilmədiyimiz təqdirdə bəzi sözlərdən istifadə etməyimizlə nəticələnir. Məsələn; "cadu-piti". Cadu sözünün nə məna daşıdığını bilsək də, piti sözünün hansı mənanı kəsb etdiyindən bir çoxları xəbərsizdir. Əslində piti sözü "yazı" deməkdir. Bir sözlə, cadu-piti birlikdə cadunun yazılı formasını ifadə edir".
Müxtəlif dillərdə olan sözlərin mənşəyini öyrənən elm Etimologiya adlanır. Burada "etimos"- doğru, "loqos"- öyrənirəm mənasını daşıyır. Qeyd edək ki, Etimologiya nəinki elm və texnika nailiyyətlərində, həmçinin tarixi və coğrafi adlar və sözlərdə də özünü biruzə verir.
Milli.Az