Su sayğacının möhürü qırılanda nə etməli?
9 Oktyabr 2012 12:00
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, oxucu su sayğacları ilə bağlı problemə toxunub.
"2006-cı ildə evimizdə su sayğacı quraşdırmışıq və hər ay abunə haqqını vaxtında ödəyirik. Lakin sonuncu dəfə evi təmir edəndə sayğacın möhürü qırılıb. Buna görə mən cərimə ödəməliyəmmi? Sayğacların istifadə müddəti nə qədərdir? Su pulunu evdə yaşayan adam sayına görə ödəyə bilərəmmi? Çünki sayğacla daha çox pul ödəyirəm", - o əlavə edib.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azərsu" ASC-nin Sabunçu rayonu Su-Kanal Departamentinin sədri Məlik Məmmədovla əlaqə saxlayıb.
"Əgər sayğac zədələnibsə, abonent dərhal bu barədə su idarəsinə məlumat verməlidir. Əks halda, abunəçi sübut etməyə çətinlik çəkəcək ki, doğrudan da, möhür təmir işləri zamanı qopub. Sayğacın istifadə müddətinə gəlincə, bu qurğular sıradan çıxana qədər işlədilir. Sayğac qırılarsa, yenisi quraşdırılır", - M.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, abonent adam sayına görə ödəniş etmək üçün "Azərsu" ASC ilə müqaviləyə yenidən baxa bilməz. Əgər mənzildə sayğac quraşdırılıbsa, ödəniş sayğacdakı göstəricilərə əsasən olmalıdır.
Milli.Az