Dünyanın ən qəribə və maraqlı peşələri

8 Oktyabr 2012 17:54
Bu gündən yeni iş həftəsi başlayıb. Çoxları üçün bu, maraton, bəziləri üçün işgəncədir. İşindən narazı olanlar, daha əyləncəli və gəlirli iş axtaranlar... adətən bu mövzuda gileylərini belə ifadə edirlər: dünyada o qədər maraqlı peşə var ki. Həm gəliri yaxşıdır, həm adamı darıxdırmır. Əslində dediklərində həqiqət də var. Biz də maraqlandıq və tapdıq. Dünyanın ən qəribə, maraqlı, hətta əcaib peşələri hansılardır? Onları icra edib, nə qədər pul qazanmaq olur?

Xatırladaq ki, axtarışlarımız zamanı bir neçə fərqli siyahı ilə qarşılaşdıq. Yəni amerikanlar ən qəribə peşələr deyəndə bir kriteriyanı əsas götürür, ruslar başqa kriteriyanı, türklər isə tamam başqasını. Amma hər kriteriyaya uyğun "əcaib peşələr" insanı təəccübləndirməkdə israrlıdır. Keçək siyahılara.

Şərab qarsonu olmaq istəyirəm, ay ana....

Shot girls - bu, Amerikada 20 yaşlarındakı gənc qızlar üçün ideal peşə sayılır. Onlar gecədə 300-600 dollar qazanırlar. "The Wall Street Journal"ın xəbərinə görə, qızlar barda hər içki hesabından 25 sent-20 dollar gəlir götürürlər.

Dəniz aşbazı - Avstraliyada dəniz təcrübəsi olanlar ildə 187 min dolları qazana bilir. Buna il sonundakı bonuslar, açıq dəniz ödəmələri, dənizaltı xidmətlərinin məbləğini də əlavə edəndə yaxşı bir qazancdan danışmaq olar.

İnci dalğıcı - dalğıclıq təhlükəli işlər kateqoriyasına daxildir. Amma inci tapmaq üçün suya girən dalğıclar gündə 1216 dollar qazana bilir. Söhbət açıq dənizlərdən gedirsə, bu halda açılış 500 dollardan başlayır.

Qaz və neft dalğıcı - O qədər əyləncəli sayılmasa da, dərin dənizlərin ən qazanclı işlərindən sayılır. Meksika körfəzində üzən dalğıclar ildə 80 min dollara qədər qazana bilir.

Usta (şərab qarsonu) - yüksək səviyyəli restoranlarda səriştəli şərab qarsonları müştərilərin yeməklərinə ən uyğun olan şərabı seçməklə ildə 80-160 min dollar pul qazanırlar.

Təyyarə icraçısı - əgər macəranı və yüksək riskli işləri sevirsinizsə, bu iş barədə də düşünməyə dəyər. Bu işi görənlər hər təyyarəyə görə 6-10 faiz haqq alır və onu satır. Təyyarə qiymətini nəzərə alanda, bu, heç də az pul demək deyil.

Kəllə ovçusu - bu adamların vəzifəsi isə həbsxanadan qaçanları və axtarışda olan kəsləri tapıb, yenidən həbsə göndərməkdir. Onlar da ildə orta hesabla 45-100 min dollar pul qazana bilirlər.

Ağ pişik ovçusu - düşünüldüyünün əksinə, bunlar küçədə pişik qovan insanlar deyillər. Bu ovçular virtual dünyada təhlükəsizlik boşluqlarını tapmaq və sertifikatsız proqramları təyin etmək üçün ildə 123900 dollar gəlirə sahib ola bilirlər.

Dublyaj - filmlər və radio reklamlarını səsləndirərək 5 dəqiqə üçün 325 dollar qazana bilən insanlar da var. Onların illik gəliri isə 50-80 min dollardır.

Yeni il Ağacı alverçisi - bu işi görən tacirlər, ağacları yetişdirən şəxslərlə razılaşdıqdan sonra bunları şəhərdəki pərakəndəçilərə çatdırır. İstehsal müddətinin hamısını idarə etdikləri təqdirdə, əldə edilən gəlir artır.

Qolf Topu Yığıcısı - Bu peşənin daşıyıcıları isə golf sahələrində olan su gölməçələrində yığılan topları yığmaqla məşğuldular. Bu işi edənlər əksəriyyətlə yığdıqları top başına ödəniş almaq üçün daha çox islanmalıdır. Bu isə gün sonunda daha çox qazanmaq mənasına gəlir.

Soxulcan yığmaqla da çörək pulu qazanmaq olar?

Yuxarıda yazdıqlarımız qəribə olsa da, az-çox ciddiliyi ilə fərqlənirdi. Amma siz bir də aşağıdakı siyahıya nəzər yetirin. Burda dünyanın ən pis peşələrinin adı var.

1. Yumurta qoxulayan - Bu peşə sahibləri quşçuluq fabriklərində çalışır və lax yumurtaları müəyyənləşdirirlər.

2. Soxulcan toplayan - Balıqçılar üçün soxulcan satan şirkətlərdə çalışan bu insanların işi tarlalar və çəmənlərdə soxulcan yığmaqdır. Məsələn, Kanadada 1 soxulcan üçün 0,04 dollar ödənir.

3. Dölləndirici - inəklərin süni yolla döllənməsi üçün buğa spermalarını inəyin yumurtalığına yerləşdirir.

4. Qəbristanlıq gözətçisi - adından da göründüyü kimi, qorxulu bir peşədən söhbət gedir. Gecə qəbirlərin arasında, ruhların əhatəsində pul qazanmaq heç kimin uşaqlıq xəyallarını bəzəmir.

5. Toyuq seçən - bu peşə sahibləri cücələrin xoruz və ya toyuq olduğunu müəyyənləşdirirlər.

6. Köpəkbalığı akvariumunun təmizləyicisi - qorxulu və maraqsızdır. Peşənin adı hər şeydən xəbər verir zatən.

7. "Bəxtli kökə"nin içindəki kağızlara mətn yazan - bu, daha çox Amerikada populyar sənətdir. Çünki bəzi bəxt saqqızları, kökələr orda çox populyardır. İnsanlar həmin məhsulları içindən çıxacaq mətnə görə alırlar.

8. İnternet oyunlarında "qızıl" yığan. Bu işi görən oyunlarda xal, "pul" və "qızıl" yığır, sonra oyun fanatlarına pulla satır.

9. Zombi - Avropa ölkələrində getdikcə populyarlaşan "zombi yürüş"lərinin təşkilatçıları "zombi" olmaq istəyənlərə pul verirlər.

10. Avtomobil yollarında maşınların vurduğu heyvan leşlərini yığan.

11. İngiltərədə Bukingem sarayında növbətçi əsgər - İngilis ordusunda xidmət edən əsgərlər Bukingem sarayı qarşısında növbə tuturlar. Həmin əsgərlərə tərpənmək, hətta gülmək belə olmaz.

12. Zooparkda meymun qovmaq - Böyük bir zooparkda meymunları bir yerdən başqa yerə daşımaq olduqca çətin işdir. Bir qəfəsə yerləşdirilən meymunların qaçacağı təqdirdə onları tutmaq çox çətindir.

13. Səyyar tualet təmizləyicisi - insanların istifadə etdikləri səyyar tualetlərin təmizlənməsi ən iyrənc sənətlərdən biridir. Amma bu işə görə ildə 50 min dollar təyin olunan maaş hər şeyin üstünü örtür.

14. Kanalizasiya təmizləyicisi - Yerin dərinliyinə enib insan zibilinin içində gəzmək olduqca iyrəncdir. Bu işlə məşğul olanlar oradakı zir-zibili daim şölə atmaq məcburiyyətindədirlər.

Təyinatlı qohum - Keçən il Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət açılmışdır. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum əqrəba icarəyə götürə bilər. Hətta burada ata ana rolunu oynayan insanlarda var.
Ayaqyolu tapan - Yaponiyada dövlət qulluğu hesab olunur. Demək, Yaponiyada şəhərin mərkəzində bir neçə Gid dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edəsiniz.
Növbə saxlayan - müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vuraraq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır nəticə əldə etmək üçün lazım gələrsə dalaşıb savaşırda. Saatı 40 dollardır.

Biri qarışqa yığır, o biri yumurta qırır, biri də camaatı iyləyir

Bu qədər ürəkbulanması bəsdir. Dünyada çətin və ürəkbulandırıcı olanlarla yanaşı, əyləncəli peşələrdə var.

1. Çikaqo kompaniyalarindan biri insan arzusunun və fantaziyalarinin yerinə yetməsi üçün çalışır. Sadəcə, onların idarəsinə yaxınlaşıb arzunuzu bildirmək kifayət edir. Yalnız bir şeyi unutmayın ki, arzunun yerinə yetirilmə qiyməti: 150000 dollar məbləğinə bərabərdir.

2. Qarışqa tutan - qarışqa tutanın əsas vəzifəsi qarışqa yuvasında olan sağlam qarışqaların tutulmasıdır ki, nəticədə süni qarışqa fermasında onların nəsli davam etdirilmiş olacaq.

3. İy (qoxu) bilən - bu vakansiya bir neçə dezodorant istehsal edən kampaniyalarda fəaliyyət göstərir. İy bilənlər dezodorantı çiyinlərində təcrübə iştirakçılarına doğru daşıyırlar və gün ərzində izləyirlər: dezodarantin qoxusu nə cür dəyişmiş olacaq?

4. Yanğına nəzarət edənlər - Bu peşə demək olar ki, ən çox ABŞ-da yayılıb. İşçinin əsas vəzifəsi ABŞ- milli parklarının birində yüksək yerdə əyləşərək yanğını izləməkdir.

5. Yumurta sındıran. Bu işçilərin əsas vəzifəsi xüsusi cihazla yumurtanın ağını sarısından ayırmaqdır.

6. Əzikləri dəf edən. Bahalı ayaqqabı dükanlarında xüsusi insanlar var ki, məhz bu işlə məşğul olurlar. Belə ki, müştəri hər dəfə ayaqqabını dəyişən zaman həmin şəxslər ayaqqabının əziklərini dəf etməklə, düzəltməklə məşğul olurlar.

7. Qolf dəmirlərini (klyuşka) təmizləyən - bahalı qolf-klublarda bəzi "mütəxəssislər" var ki onlar bura gələn xüsusi müştəriləri məmnun etmək üçün məhz bu işlə məşğul olurlar.

8. Yastıqları bərabərləşdirən - mebel dükanlarında xüsusi adamlar işləyir ki, yataq otağı üçün nəzərdə tutulmuş yastiqlara nəzarət edirlər. Onların əsas vəzifəsi zalı gəzərək yastıqarı "yumruqlayaraq" bərabərləşdirməkdən ibarətdir.

9. Pasxal dovşanı - dovşan kostyumundakı insanın əsas vəzifəsi alqı-satqı dükanlarının qarşısında oynayaraq müştəriləri dükanlara cəlb etməkdir.

10. İnək pedikürçüsü- Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

11. Mebel sınayan - bu işə yalnız professional işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir.

Sonda... Bax belə sərsəm bir dünya. Sizin səhər 10, axşam 6 iş qrafikindən bezdiyiniz bir dünyada insanlar bir tikə çörəyi üçün hətta qarışqa yığır. Siyahıya baxın və seçim edin: sizin işiniz daha yaxşıdır, yoxsa onlarınkı?

"Yeni Müsavat"