Esteban Kambiyasso: ""Anji""yə dəvət etsələr..."
4 Oktyabr 2012 22:53
Avroliqanın qrup mərhələsində "Neftçi" ilə oyunu üçün Azərbaycana gələn "İnter"in yeganə ulduz futbolçusu Esteban Kambiasso gələcək taleyi haqda danışıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı argentinalı yarımmüdafiəçi 2004-cü ildən oynadığı Milan təmsilçisində çıxışını davam etdirmək istəyir.
O, ilk növbədə zədədən ehtiyatlanır: "Əgər hər şey normal olsa, zədələr mane olmasa, "İnter"də oynamaq istərdim. Bundan sonra, 2014-cü ildə müqaviləm bitəndən sonra mənə anlaşmanı uzatmağı təklif etsələr, böyük məmnuniyyətlə qəbul edərəm".
Kambiasso vətəninə qayıtmaq haqda fikirləşmir: ""İnter"də ayrılacağım halda Avropanın digər klubunun heyətində möhkəmlənməyə çalışacağam. Hər halda, dünya futbolunun mərkəzi köhnə qitə sayılır. Əgər məni "Anji"yə dəvət etsələr, bu təklif haqda mütləq fikirləşəcəyəm. Məvacibim yaxşı olsa, niyə də yox..."
Qeyd edək ki, "İnter"ə "Real"dan gələn argentinalı İtaliya, İspaniya, Argentina çempionluğunu, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu, Avropa Superkubokunu qazanıb.
Milli.Az