Azərbaycanda dəhşətli yol qəzası: ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB
29 Sentyabr 2012 17:58
17:58
APA-nın məlumatına görə, Hacıqabul-Mincivan magistral yolunun 151-ci kilometrində, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş vermiş qəzada 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.
Hadisəni APA-ya təsdiqləyən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə "VAZ-2107" markalı avtomaşının "Skoda" markalı avtomobillə toqquşması nəticəsində baş verib. Hadisə zamanı 6 nəfər (5 nəfər hadisə yerində, 1 nəfər sonra) ölüb, 3 nəfər isə yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
---------
16:20
Hacıqabul-Füzuli yolunda baş verən yol qəzasında ailənin bir neçə üzvü ölüb.
Bu gün 14:00 radələrində Azərbaycanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin Anspress-ə verdiyi məlumata görə, Bakı-Hacıqabul-Füzuli yolunda "VAZ-2107" markalı 99 422 BV dövlət nömrə nişanlı avtomobillə "Skoda" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə isə, qəza nəticəsində 7 nəfər ölüb. Deyilənlərə görə, 3 nəfər "VAZ-2107" markalı avtomobildə, 4 nəfər isə digər minik maşınında ölüb. "Skoda" markalı avtomobildəki ölənlər arasında azyaşlı uşağın və onun valideynlərinin olduğu bildirilir.
Milli.Az