Çar ordusunun polkovniki Əbülfət ağa Şahtaxtinski

29 Sentyabr 2012 15:52
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətləri olmuş Şahtaxtinskilər haqqında bir neçə yazı təqdim etmişik. Bu yazı da həmin soyadın daşıyıcılarından biri, çar ordusunun polkovniki Əbülfət ağa Şahtaxtinskidən bəhs edir. Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin oktyabr ayında Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində anadan olub. Onun adını daşıdığı nəsil Azərbaycan tarixinə Məhəmməd ağa, Behbud ağa, İsa Sultan, Həmid ağa Şahtaxtinskilər kimi görkəmli şəxsiyyətlər bəxş edib.

Əbülfət ağa ilk təhsilini Tiflis real məktəbində aldıqdan sonra 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olmuşdu. Bir il sonra onu universitetdən xaric etmişdilər. Buna səbəb gənc azərbaycanlının tələbə yoldaşı, ilk marksist Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara təhrik etməsi olmuşdu. Onların mənzilində aparılan axtarış zamanı aşkar edilmişdi ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Həmin dərnək 1878-ci ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Bu zaman Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova (1878-ci il 3 mart tarixli) məktubunda yazırdı: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etməliyik ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək... Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları dərindən təhlil etməliyik... Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy göstərməliyik ki, onun həyat bəxş edən hərarətilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy göstərməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyələndirib yetişdirməliyik... Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə dikməliyik. Rus təbliğatçılarını xatırlayın! Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik. Siz tezliklə gedir və içtimai həyata atılırsınız. Biz, burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik".

Yüksək Avropa təhsili və hərbi məktəb

Bu məktub ələ keçdikdən sonra gənc Şaxtaxtinskinin üzərində gizli polis nəzarəti qoyulmuşdu. Qovulduqdan sonra ekstern yolla Lazarev adına Şərq Dilləri İnstitutuna daxil olan Əbülfət ağa oranı uğurla bitirdi, amma Rusiyada ona nə diplom, nə də iş verdilər. Bundan sonra o, Almaniyaya getdi, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə edərək bakalavr dərəcəsi aldı. Bu uğurundan sonra Rusiyaya qayıdan Şahtaxtinskini demokratik baxışlarına və monarxiyaya qarşı çıxışlarına görə heç bir işə yaxın buraxmadılar. Beləliklə, çarəsiz qalan Əbülfət ağa 1883-cü ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Bir il sonra, avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit rütbəsində xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunur.

Həmin dövrün sənədlərindən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra Şərq dillərilə yanaşı, alman, fransız və ingilis dillərini də mükəmməl bilirmiş. Ona görə də o, İsveçrə ordusunun manevrlərinə müşahidəçi ezam olunur. Həmin il nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilir.
1904-1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən Əbülfət ağa Şahtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib.

Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şahtaxtinskinin komandir olduğu 202-ci süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin yayında Vətəninə nöbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün də yardım göstərib. Mərhum yazıçımız Əli Səbri Qasımov "Mühitim...təhsil illərim" xatirə qeydlərində yazır: "Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o, öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə - Zaqafqaziya Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım.
 
Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə girəndə Xəlili və polkovnik Əbülfət ağanı orada gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı. Birlikdə seminariya direktorunun yanına getdik. Onu ora qəbul etdirdi".

Hərbi xidmətə görə mükafatları...

"Vikipedia"da onun həyat yolu və hərbi uğurları haqqında maraqlı məlumatlar var. Hazırda Tiflis arxivində saxlanılan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus "Şəxsi hərbi kitabça"sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsilə, 1900-cü ildə isə "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdu. Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif "qrafasında" aldığı xarici ölkə orden və medallarının da sayı göstərilir. O, İranın "Şire-Xorşid" ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli "Ucalan ulduz" qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordenilə (1900-cu il) və "Fransa-Sudan xilasetmə cəmiyyəti"nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.

Nüfuzlu əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Hötenin "Gənc Verterin iztirabları" əsərini almancadan Azərbaycan dilinə tərcümə edib.

Əbülfət ağa Şahtaxtinski vətəndən uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu İslam dinini unutmuşdu. Bu görkəmli şəxsdən xalqımıza əvəzsiz bir hədiyyə də yadigar qalmışdır... Azərbaycan Tarixi Muzeyində 1877-ci ildə fransız dilində nəşr olunmuş "Quran" kitabı saxlanılır. Kitabın titul səhifəsinə "Əbülfət ağa Şahtaxtinski"nin şəxsi möhürü vurulmuşdur. Hətta Əbülfət ağanın öz dəsti-xətti ilə yazdığı avtoqraf da oxunur. M.Kaşimirovskinin orijinaldan tərcümə etdiyi bu qiymətli eksponatı polkovnik Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan qızı Qönçə xanım qoruyub saxlamışdır.
Polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib. Onu doğma kəndi Şahtaxtıda dəfn ediblər. O, XIX əsrin görkəmli jurnalisti İsa Sultan Şahtaxtinskinin (1851-1894) kiçik qardaşı idi.

"Azadlıq" qəzeti