Xorvatiya Azərbaycan investisiyasını ölkəsinə cəlb etməkdə maraqlıdır

27 Sentyabr 2012 19:26
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cümə axşamı Xorvatiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə hüquqi sənədlərin imzalanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər.

Xanım Vesna Pusiç ölkəsində həyata keçirilən layihələrə Azərbaycandan investisiya cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Məmmədyarov Azərbaycanın Balkan ölkələri, o cümlədən Xorvatiya ilə əməkdaşlığı genişləndirmək marağında olduğunu bildirib və bu istiqamətdə müvafiq addımların atılması üçün bu ölkədə həyata keçirilən infrastruktur layihələrində iştirak etmək imkanlarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri, həmçinin iqtisadiyyatın turizm və energetika sahələrində iki ölkə arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün aidiyyəti sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin zəruriliyindən söz açıb.

Milli.Az