Cümhuriyyət fədailəri: Ziyadxanovlar
27 Sentyabr 2012 18:05
İsmayıl xan Ziyadxanov
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında bir sıra böyük nəsillərin nümayəndələri də təmsil olunurdu. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş iki qardaş - Adil xan Ziyadxanov və İsmayıl xan Ziyadxanov da var. Onlar Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidirlər. Anaları Azər Humayun xanım da Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır.
İsmayıl xan Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələrdə çalışmış görkəmli diplomat olmuşdur. İsmayıl xan Əbülfət ağa oğlu Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdi.
Azərbaycanın milli istiqlal hərəkatının fəalları sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. O, Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir: "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".
İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə, üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdi. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.
Ermənilər üçün "ən təhlükəli adam"
O, 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.
1918-ci il martın 28-də də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S.Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı.
İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Bu danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən İsmayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzalayıb. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.
Adil xan Ziyadxanov isə 25 sentyabr 1872-ci ildə Gəncə şəhərində doğulmuşdu. Ölkədən kənarda yüksək təhsil almışdı. Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. O, bir sıra Avropa və şərq dillərini gözəl bilirdi. Böyük ziyalı kimi o, 1905-ci ildən Bakıda Ə.B.Topçuboşovun redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada çox sayda maarifçi məqalələr yazıb. Həmin il Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. 1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan yığıncaqlarda da o, qətiyyətlə öz millətinin mənafeyini müdafiə edib.
İkinci diplomat qardaş Adil xan
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Ziyadxanov Xarici İşlər Nazirinin müavini təyin edilib (30.10.1918). O vaxt xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda olduğundan nazir vəzifəsini Adil xan icra edib. 1918-ci il noyabrın 16-da Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından Ziyadxanov qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra Baş nazir və Xarici İşlər Naziri təyin edilmiş Fətəli xan Xoyskinin (1875-1920) müavini olan Adil Ziyadxanov gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə - Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb. Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 16 iyun 1919-cu tarixdə qərar verərək, 4 oktyabrda nümayəndəliyin ştatını təsdiqləyib və nazir müavini Adil xanı nümayəndəliyin başçısı təyin edib. 7 aprel 1920-ci ildə tərtib etdiyi siyahıya görə, bu vaxt Tehrandakı Azərbaycan diplomatik nümayəndəliyində aşağıdakı şəxslər çalışırdı: Adil xan Ziyadxanov - diplomatik nümayəndə, Əkbər ağa Sadıqov - onun müavini, Mirzə Ələkbər xan - ikinci katib əvəzi, Cəlal Şirinli - kargüzar əvəzi, Ehtiyac Şükürov - kargüzar köməkçisi, Qulamrza Babayev - diplomatik kuryer, Mirzə İbrahim xan - ikinci münşi, Camal Şirinli - dəftərxana xidmətçisi, Yusif xan - təsərrüfat müdiri.
O, 15 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana gedib və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib. İranda olarkən Adil xan özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabını isə fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı söz açıb. Bu kitablar səfirin Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına çox qiymətli töhfəsiydi. Cümhuriyyət süquta uğradıqdan sonra o, Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-ci ildə Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1934-cü ildə Istanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə Istanbulda vəfat edib.
Adil Ziyadxanov 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirmişdir (1909).
Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilir. İsmayıl xan özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən istintaqsız, məhkəməsiz güllələnir. Ziyadxanovların mülkündə sovetlər dövründə müxtəlif təşkilatlar fəaliyyət göstərib. İndi burada Gəncə Tarix-diyarşünaslıq müzeyi yerləşir.
"Azadlıq" qəzeti