Culian Assanj ABŞ prezidentini təhqir etdi

27 Sentyabr 2012 11:40
Qalmaqallı "Wikileaks" saytının qurucusu Culian Assanj ABŞ prezidenti Barak Obamanı "sırtıq" adlandırıb və onu "ərəb baharı" inqilablarından öz şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışmaqda ittiham edib.

"Kim deyə bilər ki, Amerika Birləşmiş Ştatlarının prezidenti sırtıq deyil? Onun Birləşmiş Ştatların "ərəb baharı"ndakı inqilab qüvvələrini dəstəklədiyini deməsi sırtıqlıq deyilmi? Tunis tarixi 2010-cu ilin dekabrından başlamayıb, Məhəmməd Buazizi adlı tunisli də özünü ona görə yandırmamışdı ki, Barak Obama yenidən prezident seçilsin", - Culian Assanj belə deyib.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Culian Assanj ərəb dünyasındakı inqilablara "Wikileaks" saytında dərc edilən Tunisin eks-prezidenti Zeynəl Abidin bin Əli və digər ərəb liderləri haqqında məxfi sənədlərin təkan verdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ indi "dəyişiklik qüvvələri" adlandırdığı inqilabçılara lap başlanğıcda qarşı çıxdığını diqqətə çatdırıb.

Qeyd edək ki, İsveçdə cinsi zorakılıqda ittiham edilən Culian Assanj iyunun 19-da Londondakı Ekvador səfirliyində sığınacaq tapıb. Assanjın İsveçə ekstradisiyası məsələsi Böyük Britaniya, Ekvador və İsveç arasında diplomatik gərginlik yaradıb.

Milli.Az