Nüvə fizikası sahəsində ilk azərbaycanlı qadın alim

24 Sentyabr 2012 18:47
Dilşad xanım Elbrus Talıbxan...

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılardan biri də Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad xanım Türkiyənin İzmir şəhərində Egey Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professordur. Dilşad xanım kiçik yaşda ayrıldığı Azərbaycana hədsiz bağlıydı. Vətəninin sovet hakimiyyəti altında olmasını heç vaxt qəbul edə bilmədi.

Dilşad xanım 1916-cı ildə may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açmışdı. Onun atası Talıbxan bəy Talıbxanbəyov çar dövründə və Cümhuriyyət illərində Şamaxıda, Qubada və başqa yerlərdə polis rəisi kimi mühüm vəzifələrdə çalışıb. Kommunistlər hakimiyyət başına gəldikdən sonra onu öldürdülər, bütün mallarını və əmlakını isə müsadirə etdilər. Bundan sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər xanım və Sürəyya xanım dayısı Hüseyn Camal Yanar bəy (Hüseyn bəy Mirzəcamalov) tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirildilər.

Ailə İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım əvvəlcə qızlar litseyinə daxil olmuşdur. O, 1931-ci ildə İstanbul Qız Litseyindən məzun olduqdan sonra girdiyi İstanbul Universitetinin fizika-kimya bölümünü 1934-cü ildə bitirmişdir. Dilşad xanım 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlamış, 1949-da dissertasiya müdafiə etmişdir, 1954-cü ildə dosent adını almışdı. 1957-ci ilin noyabrında İzmirdə Egey Universitetinə dəyişdirilmiş, 1961-ci ildən həmin universitetin professoru olmuşdur. Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.
Dilşad xanım nüvə fizikası sahəsində dərin elmi axtarışlar aparmış və bu sahədə Türkiyədə və Avropada tanınmış mütəxəssis olmuşdur. Seçdiyi ixtisasın xarakteri onun Almaniya, İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat işləri aparmasını zəruri etmişdir. Bu səbəbdən o, alman, ingilis, fransız dillərini mükəmməl öyrənmişdir. Uzun müddət xarici ölkələrdə elmi-tədqiqat işlərilə məşğul olmasına baxmayaraq, Dilşad xanım Türk-Azərbaycan dilinin bütün incəliklərini ömrü boyu unutmamışdır.

Qardaş ölkədə keçən böyük bir ömür

Dilşad xanım 1977-ci ildə Egey universitetindən təqaüdə çıxmış, sonra İzmirdən İstanbula gələrək ömrünün sonuna kimi Bağdad prospektindəki evində yaşamışdır. O, ailə həyatı qurmamışdır. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlamış və mehrini ona salmışdır. 1979-cu il aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur. Həmin vaxt Türkiyə qəzetlərində belə bir kədərli xəbər dərc edilmişdir: "Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərinin və elmi kəşflərin müəllifi, Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus Talıb xan vəfat etmişdir".

Dilşad xanım ömür boyu vətən həsrətilə alışıb-yanmış, elmi simpozium və konfranslarda olarkən nümayəndələr arasında Azərbaycan alimlərini axtarmış və həmişə öz yurddaşları ilə əlaqə saxlamağa çalışmışdır. Dilşad xanım onu da bilirdi ki, totalitar bir rejimin hökm sürdüyü Sovetlər birliyində onun Azərbaycana yolu həmişəlik bağlanmışdır.
Dilşad xanım Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci il 27 aprel süqutunu və Azərbaycanın öz müstəqilliyini itirməsini ömrü boyu acı xatirələr kimi yada salıb kədərlənmişdir. Buna görə də həmişə 27 apreli Azərbaycan Demokratik Respublikasının matəm günü kimi qeyd edirdi. Dilşad xanım Oksfordda yaşayarkən Türkiyədəki yurddaşlarına yazdığı 1955-ci il 24 aprel tarixli məktubunda Azərbaycanın öz müstəqilliyini itirməsinin 35 illiyi münasibətilə öz kədərini aşağıdakı kimi bildirmişdir: "Əziz Azərbaycanımızın, vəhşi bir istilaya uğradığı günün ildönümünü dərin bir ələmlə anaraq, içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmama rəğmən, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bilirtmək istədim. Tanrım bu vəhşi istilanın daha fəzlə davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!"

Yazıq səni, bayrağım, endirdilər, öyləmi?

Dilşad xanımın yaxın rəfiqələrindən biri, 1928-32-ci illərdə İstanbulda qızlar litseyində Dilşad xanımla bir yerdə oxumuş Fövziyyə xanım Dilşad xanım haqqındakı xatirələrinin birində yazır: "Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, "Bayrağım enərkən" adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir".
Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir...

Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə Türk elinin qapısı?

Fövziyyə Tansel yazır ki, Dilşad xanım nüvə fizikası sahəsində görkəmli mütəxəssis olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının, xalq musiqisinin və folklorunun gözəl bilicisi imiş. Fövziyyə xanım xatirələrində qeyd edir: "Biz litseydə oxuyarkən Dilşad xanım 20-ci illərdə Azərbaycanda, xüsusən Qarabağda baş verən hadisələrdən, qaçqınların acınacaqlı vəziyyətindən danışarkən bizim gözlərimiz yaşarır və ona təskinlik verərdik. Rəfiqələr bir yerə toplaşanda Dilşad xanım qəmli Azərbaycan mahnıları oxuyub bizi də kövrəldərdi..."
Vəfatından sonra prof. dr. Dilşad Talıbxan Elbrus haqqında Azərbaycan Kültür Dərgisində Fevziyyə Abdullah Tansel gözəl bir yazı nəşr etdirib. O, yaxın rəfiqəsini və dostunu Azərbaycan xalq ədəbiyyatını, folklorunu, teatr əsərlərini, opera və operettalarını çox gözəl bilən, gözəl piano çalan, şirin səsilə Azərbaycan mahnı və türkülərini, segah və bayatılarını üsuluna uyğun olaraq xoş tərənnüm edən, dindar və etiqadı tam kamil bir insan olaraq tanıdıb...

"Azadlıq" qəzeti