Tamerlan Qarayev: "Azərbaycan İndoneziya və Sinqapurla münasibətlərin inkişafında maraqlıdır"
21 Sentyabr 2012 15:39
"Azərbaycan İndoneziya və Sinqapurla münasibətlərin inkişafında maraqlıdır". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın bu ölkələrdəki səfiri Tamerlan Qarayev Bakıda keçirilən Azərbaycan səfirlərinin IV müşavirəsində deyib.
Diplomat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-21-də Sinqapura, noyabrın 22-23-də isə İndoneziyaya rəsmi səfər edəcək.
"Azərbaycan bu ölkələrlə münasibətlərin inkişafında maraqlıdır, hazırda səfərlərə və bu çərçivədə imzalanacaq ikitərəfli sənədlər layihəsi üzərində hazırlıq işləri aparılır", - Qarayev qeyd edib.
Onun sözlərinə görə, son illər Azərbaycanın bu iki ölkə ilə münasibətləri yaxşılaşıb və qarşıdakı səfər əlaqələrin inkişafına xeyli təkan verəcək.
"Hazırda İndoneziya ilə 17, Sinqapurla isə 10-da artıq saziş layihəsi üzərində iş aparılır. Azərbaycan İndoneziyada xeyli investisiyalar yatırmaq niyyətindədir", - səfir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın İndoneziya ilə əməkdaşlığının əsas sahəsi enerjidir.
"Azərbaycan İndoneziyanın neft aldığı ölkələr arasında Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur. Azərbaycanın bu ölkəyə satdığı neftdən 2 milyard dollar alacağı gözlənilir", - Qarayev deyib.
Milli.Az