Kapital Bank 37 müştərisinə dünya çempionatına bilet qazandırdı

21 Sentyabr 2012 13:11
Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatı ərəfəsində Kapital Bankın VİSA İnternational şirkəti ilə birgə təşkil etdiyi kampaniyanın qalibləri məlum olub.

Kampaniyada Kapital Banka məxsus bütün növ Visa ödəniş kartları vasitəsilə istənilən tipli nağdsız ödəniş həyata keçirmiş müştərilər iştirak edirdilər. Kampaniyanın şərtlərinə görə, 16 iyul 2012-ci il tarixindən 16 sentyabr 2012-ci il tarixinə qədər Visa ödəniş kartı ilə hər bir nağdsız ödəniş əməliyyatının məbləği 20 manatdan az olmamaqla və gün ərzində eyni ticarət, iaşə və ya xidmət obyektində 2 dəfədən artıq olmamaqla ödəmə aparılmalı idi.
Belə bir ödəniş aparan müştərinin kartının nömrəsi avtomatik olaraq bankın məlumat bazasına daxil edilir və kampaniya müddətində Visa ödəniş kartı ilə ən çox nağdsız ödəniş aparmış müştəri dünya çempionatının oyunlarına bilet qazanırdı.

Qaliblər 5 yer üzrə müəyyənləşib. Ümumən 37 qalib seçilib. Biletlər aşağıdakı qaydada təqdim olunub: 1-ci yerə layiq görülən 5 nəfərin hər birinə 2 bilet (Çempionatın Final oyununa); 2-ci yerə layiq görülən 6 nəfərin hər birinə (yarımfinallara) 2 bilet; 3-cü, 4-cü və 5-ci yerlərə layiq görülən 26 nəfərin hər birinə Çempionatın qrup oyunlarına 2 bilet.