Afrikalı gənclər Azərbaycana gəlir

20 Sentyabr 2012 17:33
Səfirlikdən Trend-ə verilən məlumata görə, bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.

Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir.

Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, "İrəli" ictimai birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və "Böyuk İpək Yolu" beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.

Azərbaycanın təcrübəsində Dövlət Neft Fondunun fəaliyyəti və neftdən gələn gəlirlərin şəffaf və səmərəli idarə edilməsi mexanizmi və ölkəmizin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə aparıcı rolu Afrika gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb və bu qurumda görüşlərin və ətraflı təqdimatların təşkil olunması xüsusilə xahiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası 2011-ci ildən etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu əldə edib. O vaxtdan etibarən Azərbaycan ilə Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlayıb.

Afrika İttifaqı ilə inkişaf edən əlaqələrimizin tərkib hissəsi kimi bu səfərdən sonra oktyabr ayında Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Jan Piyer Onvehun Ezin Azərbaycana səfər edəcək.

Milli.Az