Milli müdafiə təşkilatı - "Difai"
20 Sentyabr 2012 19:36
Təşkilat açıq fəaliyyətə başlayır
"Difai" firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olub. Kreşçinski Gəncə qubernatorunun müşaviri idi və o, Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinski Gəncədə elə öz evinin qabağındaca qətlə yetirilmişdi. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılmışdı və bu, rus məmurlarında böyük qorxu yaratmışdı.
"Difai" Partiyası aqrar proqramında mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi. "Difai"nin Mərkəzi Komitəsi Bakıda yerləşirdi.
1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. Belə bir vaxtda "Difai" artıq açıq fəaliyyətə keçir. Nağı bəy Şeyxzamanlı yazır: "Növbə siyasi partiyalara gəlmişdi. Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: "Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var - biri "Daşnak", digəri "Qnçak" partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır. Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur "Difai" firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli "Difai" firqəsinin nümayəndəsini görürdülər".
Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, "Difai"nin tarixi, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və "Difai" firqəsi olaraq açıq fəaliyyətə başlanılır. M.Şeyxzamanov: "İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində "Difai" ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn "Difai" təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxardı. "Difai" firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu".
"Difai"nin yerli şöbələri
"Difai"nin bəzi yerli şöbələri də fəaliyyət göstərirdi. Belə şöbələrdən biri Şuşada yaranmışdı.
Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün "Difai"nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülmüşdü. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə aradan götürülmüşdü.
Sonralar "Difai" partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunmuş, bəziləri isə Türküstana sürgün edilmişdir.
Qarabağda (Şuşada) "Difai" Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. 1907-ci ildə "Difai" təşkilatının qanadı "Qarabağ məclisi"nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarov İran təəbəsi olduğundan onu İrana yolladılar.
"Difai"nin Qaryagin qəzasında da şöbəsi yaradılmışdı. Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ.V.Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, "Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə, o cümlədən Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi".
"Difai"nin yerli şöbələrindən biri də Tərtərdə yaradılmışdı. Burada partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.
"Difai"nin tarixdəki əbədi möhürü
Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən "Difai" hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. "Difai"nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm hökmünə dönmüşdü. M.Şeyxzamanlı: "Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli-başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə "Difai" mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, "Difai" firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: "Artıq "Difai" fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?". Mirzə Məhəmməd dedi: "Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq". Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır".
Möhürün sonrakı taleyi ilə bağlı Nağı bəy Şeyxzamanlı öz "xatirələri"ndə geniş məlumat verir. Belə ki, Rusiya İnqilabi Sosialist Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı "Difai"nin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi.
Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının "naməlum" möhür tapmaları, "Difai"çiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, "difai"çi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddinin birgə qurduqları plan uğurla həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan "Difai"nin möhürünü dəyişir, izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğunu sonuncunun özü təsdiqlədiyindən, "Difai" bu vəziyyətdən "quru" çıxa bilir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir.
"Difai" təşkilatı Azərbaycan tarixində bəlkə də yeganə qurum oldu ki, "qana qan" şüarı ilə erməni terroruna qarşı savaş açdı.
"Difai" Partiyasının Bəyannaməsində bu açıqca yazılmışdı: "Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
"Azadlıq" qəzeti
Uyğun link:
Milli müdafiə təşkilatı - "Difai"