Nazirlik: Kür və Araz çaylarında çirklənmə səviyyəsi normadan artıqdır
12 İyun 2010 10:38
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, iyunun I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 153 m3/san azalaraq 493 m3/san təşkil edib. ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin keçirdiyi monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 601 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 2 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,57-6,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Milli.Az