Gecə oxusu: Con Steynbekin 6 cildliyi

15 Sentyabr 2012 01:00
Con Steynbekin 6 cildliyi

Cavanlıqda kitab fanatikiydim, əlimə düşən pulların çoxunu kitablara verirdim. Öz müəlliflərimizin kitabları ucuz olurdu, o qədər də xərcə düşmürdüm, amma xarici yazıçıların kitablarını çox baha alırdım. Iyirmi beş manatdan əlli manata kimi. 3-cü kursda oxuyanda   kitab dükanında Kuperin rus dilində "Sonuncu mogigan" kitabının satıldığını gördüm. Neylədimsə, nə qədər pul təklif elədimsə, satıcı satmadı. Dedi, bu kitabları almaq üçün maklatura (kağız, köhnə kitablar) təhvil verib qəbz almalısan. Doğrudan da əsasən ruslardan ibarət olan qızlar, qadınlar növbəyə durmuşdular, hamısının da əlində qəbz var idi və məni tələsdirirdilər, tez ol, mane olma. O vaxtlar qayda beləydi, rus dilində nəfis tərtibatda çapdan buraxılan xarici yazıçıların əsərlərini almaq üçün kağız təhvil verib qəbz almalıydın, səhv eləmirəmsə bir kitaba görə səkkiz kiloqram  kağız tələb eləyirdilər. Bu çox yaxşı üsul idi, kağıza qənaət olur, yeni ağaclar qırılmır, istifadədə olan kağız təzədən dövriyəyə buraxılırdı. Indi isə nəyə görə kitabları, köhnə kağızları maşınlara yükləyib aparıb zibilliklərdə boşaldırlar, başa düşə bilmirəm. Onda zibilliklərdən kağız, kitab yığıb aparıb təhvil verirdilər. Öz yazıçılarımızdan populyar olanların əsərlərini almaq da asan məsələ deyildi, əyər Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin, Sabir Rüstəmxanlının, Əlibala Hacızadənin kitablarını almaq istəsəydin, çox hörmətli, dahi, dünyanı lərzəyə gətirən yazıçılarımızın da azından bir kitabını almalıydın.

Kitab dükanından son dərəcə məyus halda aralanırdım, bu kitabı əldə eləmək üçün lap yüz manatımdan da keçməyə hazırdım. Kor-peşiman gəldim yataqxanaya, dostum Kamalla bir otaqda qalırdım, mənə baxanda təlaşa düşdü, sənə nə olub, dalaşıbsan? Kənddən bəd xəbər alıbsan? Danışmaq hayında deyildim, qəlbimdən qara qanlar axırdı, Kamalsa əl çəkmirdi, çarəsiz qalıb  işin nə yerdə olduğunu danışdım. Kitabın hansı kitabxanada satıldığını öyrənib, bir söz demədən geyinib getdi. Mənsə uzanıb yatdım, ayılanda stolun üstündə "Sonuncu mogigan"ı gördüm. Gözlərimə inana bilmirdim, kitab burda nə gəzirdi, kim almışdı? Yuxu gördüyümü zənn eləyirdim. Kitabı götürüb ora-burasına baxır, vərəqləyir, amma hələ də əlimdə tutduğum kitabın məhz "Sonuncu mogigan" olduğuna inanmırdım...

Kitabı Kamal alıbmış, həm də cəmisi on manata, özü də məhz həmən kitabxanadan, həmən satıcıdan. Adam mənə əlli manata belə kitabı satmadı, Kamala niyə on manata satmışdı, başa düşmədim. Kamal qürurlanırdı, adamlarla dil tapmaq lazımdı, adamların dilini bilmək lazımdı, sənsə dil tapa bilmirsən, adamlarını dilini bilmirsən! Mənim əlli manata ala bilmədiyim kitabı vur-tut on manata almışdısa, haqlıydı, amma dil tapa bilməməklə bağlı irad mənə toxundu, Kamal on manatı məndən çətinliklə aldı, yox deyəsən, ala bilmədi. Nə isə, dumanlı xatırlayıram.

Adamlarla dil tapa bilməsəm də  satıcı ilə tanış oldum, dilini tapdım  və   onun sayəsində bir xeyli kitablar əldə elədim. Haçan Bakıya yolum düşürdü, birinci həmən kitab dükanına gedirdim, adam az olanda satıcı piştaxtanın altından mənim üçün saxladığı kitabları çıxarıb verirdi. Steynbekin 6 cildliyini də bu dükandan  yüz manata aldım.

Sonra ölkə dağıldı, kitablar dəyərini, qiymətini itirdi, Stenybekin həmən 6 cildliyini parkların birində rus qarısından cəmisi 5 manata aldım. Düzdü, evdə artıq kitab yığmağa yer yox idi, amma az qala havayı satılan kitabları almaqdan özümü saxlaya bilmədim.

Rayona təzəcə qayıtmışdım dostum cib telefonuma zəng elədi, təcili görüşməliyik, dedi, sənə gözəl bir surprizim var. Xətrini istəyirdim, yazı-pozu adamıydı, yazılarımı oxuyur, fikrini bildirirdi, ədəbi mövzularda müzakirələrimiz çox olmuşdu. Belə adamlarla həmişə görüşmək istəmişəm, indi görüşməyimizin isə mühüm səbəbi var idi, sürpriz, özü də gözəl sürpriz! Görüşə gedərkən azından yüz dəfə bu sürprizin nə ola biləcəyini fkirləşdim, amma bir nəticəyə gələ bilmədim.

Görüşdük, dedi, sən bu münasibətlə yaxşı bir qonaqlıq verirsən, sonra da mənim sürprizim gəlir. Şam ağaclarının arasındakı yay yeməkxanasına getdik, maşının qapısını bağlayanda rəngsiz lentlə sarınmış bir kardon yeşik də götürdü maşından və mən sürprizin bu yeşiyin içində olduğunu başa düşdüm. Allah, Allah, bu yeşikdə mənim üçün nə sürpriz ola bilərdi?

Oturduq, dostum bahalı yeməklər sifariş verir, zoğal arağı gətirdir, arada da gözucu yanında  qoyduğu içində sürpriz olan yeşiyə baxırdı. Elə bil yeşiyin oğurlanacağından  ehtiyat eləyirdi. Yeyib içirik, sürpriz nədir, mənim üçün nə qədər və nə mənada sürpriz olacaq, orasını bilmirəm, amma bu münasibətlə azından yüz manat ziyana düşəcəyimi dəqiq bilirəm. Dostum zoğal arağı ilə kifayətlənmir, yeməkpaylayanı çağırır, bu nədi bizə içirdirsən, sən bir rus arağı tap, sidr arağıdı, nədi, ondan. Yeməkpaylayan sual dolu baxışlarını mənə dikir, pulu mənim verəcəyimi anlayıb, mənim fikrimi də öyrənmək istəyir, yəni tapım, ya yox? Tap, deyirəm, dükanlarda olmalıdı.

Yeməkpaylayan gedəndən sonra düşürəm bunun üstünə, de görüm nədi də sənin bu sürprizin? Hövsələm kəsildi axı! Bu da təntənə ilə əvvəlcə yeşiyin lentini qopardır və ani hərəkətlə yeşiyi açır, yeşikdə 6 dənə kitab var idi. Con Steynbekin 6 cildliyi!

- Buydu sənin sürprizin? - inamsızlıqla soruşuram.

- Hə, nədi, deyəsən, ürəyincə olmadı?

- Yox, yox, - bu qədər sevinclə kitabları mənə təqdim eləyən dostumu qırmağı özümə sığışdırmıram, - gözəl sürpriz oldu mənim üçün! Sənin mənə necə bir sürpriz eləyəcəyini düşünürdüm, amma buncası yatsaydım yuxuma da girməzdi! Halal olsun!

Yemək paylayan gəlib çıxır, litrlik sidr arağı gətirib. Bu nədi, onu məzəmmətləyirəm, apar bu arağı! Biz nəyə görə xarici ölkələrin istehsalı olan araqları içməliyik? Bəs onda öz araqlarımızı kim içəcək? Bilirsən nə var, yerli istehlakçılara bir qatğım olsun deyə bundan sonra mən yalnız öz araqlarımızı içəcəyəm. "Axı özünüz dediniz, - yeməkpaylayan pərt halda mızıldanır, - mən onu..." "Özüm dedim, - onun sözünü kəsirəm, - onu deyəndə vətənpərvərlik hisslərim yatmışdı, yalnız indi  yuxudan oyandı, özünü hiss elətdirməyə başladı". "Nəyə başladı?" - bu da gözlərini döyür. Əlimlə getmək işarəsi verirəm, gedir, dostum da narazı qalıb, pulunu özüm verərdim,  niyə qaytarırsan? Yerli istehlakçılarla həmrəyliyə sabahdan başlayardıq.

Yox, deyirəm, bu gündən başlasaq yaxşıdır. Mən olmayanda pulunu özün verərsən,     istərsən sidr arağı içərsən, istəsən buğda arağı. Mənimlə yalnız yerli araqları içməli olacaqsan. Mən dedim, başa saldım, yeməkpaylayan başa düşdü, sənsə başa düşmək istəmirsən. Orda yüzlərlə adamlar işləyir, pul qazanırlar, hamımız xarici araqlar içəcəyiksə, yerli istehlakçılar neyləməlidilər, orda işləyənlər aclarındanmı ölməlidilər?

Oxucuya səmimi etiraf eləyim ki, o anda məni ən az narahat eləyən, heç yadıma da düşməyən məhz yerli istehlakçılar, xüsusi ilə də orda işləyənlərdi. Dolanmaq, pul qazanmaq istəyirlərsə, aclarından ölmək istəmirlərsə, canları çıxsın içməli bir şey istehsal eləsinlər, nəyə görə zəqqum içməliyik? Amma hər halda adamlar aclarından ölüb eləmirdilər, içdik, içmədik.

Yeməkxanadan çıxırıq, yeşiyi könülsüz halda mənə verir. Neyləyə bilərəm, almalı oluram, bir vaxtlar Kuperin "Sonuncu mogigan"ını ala bilməyəndə dükandan hansı hisslərlə   ayrılırdımsa, indi də dostumdan həmən hisslərlə ayrılıram. Neynəyəcəkdim bu kitabları? Heç yerdən yüz manat ziyana düşdüm. Hə, qardaş, Steynbeki məzəmmətləyirəm, cavanlıqdan üzü bəri udursan mənim pullarımı. Bəsdi də, məndən başqa oxucun yoxdumu? Belə getsə sən məni müflis eləyəcəksən!

Evə gəlirəm, yoldaşım yeşiyə şübhə ilə baxır, yenə neyneyirsən bu kitabları?

- Nədən bildin kitab oldduğunu? - özümü itirirəm.

- Burda bilməməli nə var, - çiyinlərini çəkir, - sən evə ancaq kitab gətirirsən.

- Hə, kitabdır, - etiraf eləməli oluram, - əsgərlərimiz üçün kitab yığırlar. Dedim mənim də bir qatğım olsun.

- Əsgərlərimiz üçün? - heyrətlə səslənir. - Bizim əsgərlər rus dilində oxuya bilirlər?

- Rus dilində? - indi də mən heyrətlənirəm. - Nədən bildin rus dilində olduqlarını?

- Rus dilindədilər! Özü də Con Steynbekin 6 cildliyidi!

Ağzım açıla qalır, yeşiyin içində dəqiqliyi ilə nə olduğunu hardan bilə bilərdi? Bax, sürpriz buna deyərlər! Yoxsa bütün günü məni girinc eləyir, yüz manatımın da axırına çıxır, bəs sənə sürprizim var, sonda da Steynbekin altı cildliyini təqdim eləyir! Kişinin oğlunun sürprizinə bax! Mən çox rəhmdil, ürəyi yumşağam, əslində yeşiyi altıcildlik qarışıq onun başına çırpmalıydım!

Çaşqın vəziyyətdə qaldığımı görüb uzaqgörənliyinin sirrini aşkarlayır, nə özünü itirdin, sən son illərdə evə  bir qayda olaraq Con Steynbekin altı cildliyini gətirirsən.

Elədi, təsdiq eləyirəm, həmən altı cildlikdi. Göndərəcəyəm əsgərlərimizə, baxma, içərilərində mütləq rus dilini bilən birisi olacaq. O da Steynbeki oxuyacaq cəsur əsgərlərimiz üçün. Bir anlığa təsəvvür elə, ermənilər atırlar, güllələr çovuyur, cuyyi, cuyyi, bizim cəsur əsgərlərimiz də güllə yağışının altında səngərdə dirsəklənib Steynbekə qulaq asırlar. Necə də qəlb riqqətə gətirən mənzərədi!

Şübhəsiz belədi, qəlb riqqətə gətirən mənzərədi, amma yoldaşımın qəlbini zərrəcə də riqqətə gətirmir. Məni şübhə ilə süzür. "Başa düşmədim, - deyir, - demək, ermənilər atacaqlar, güllələr çovuyacaq, cuyyi, cuyyi, bizim əsgərlərimiz də dirsəklənib Steynbekə qulaq asacaqlar? Sən orda, odun-alovun içində əsgərlərimizin Steynbekə qulaq asacaqlarına əminsən də?"

Əmin deyiləm, amma geri çəkilmək fikrim də yoxdu. Yaxşı, sən heç narahat olma, göndərmərik, qoy cəsur əsgərlərimiz öz işləri ilə məşğul olsunlar. Ermənilər cuyyi, cuyyi atanda, onlar da cuyyi, cuyyi cavab versinlər. Bağışlarıq birinə, qurtarıb gedər! "Axı sən nəyə görə bunları almalısan, nəyə görə də kiməsə bağışlamalısan? - hirslə deyir. - Heç kimə bağışlaya bilməyəcəksən, qalacaq evdə. Nə qoymağa yer var, nə yığmağa. Kitabların əlindən tərpənə bilmirik!"

Evdə ən həssas mövzumuz kitabdı, hər bayram gələndə evi töküb təmizlik işlərinə başlayanda mənim çətin, gərgin günlərim olur. Yüzlərlə kitabları çölə daşımaq, çırpıb tozunu təmizləmək, cildlərini nəm əski ilə silib təzədən evə daşımaq. Zəhlətökən işdi! Doğrudu, illər keçdikcə evdə kitabların da sayı azalır, Marksın, Leninin, Engelsin, Stalinin əsərlərini, dedektivləri, öz yazıçı və şairlərimizin kitablarının 90 faizini,  qardaş sosialist ölkələrin  leninçi yazarlarının kitablarının hamısını atandan sonra kitablar hiss olunacaq qədər azalıb, amma yenə də hər yerdə əl-ayağa dolaşırlar.

Başlayıram, baş sındırmağa, kimə bağışlayım altı cildliyi? Fikrətə bağışlamağa cəhd eləyirəm, Fikrət isə gözlənilməz reaksiya verir, görürsən mən "Nəyimə lazımsan, a qələm mənim?" şeirimi yazır, özümü o ab-havaya kökləyirəm, sənsə mənə kitab bağışlayırsan. Bununla da məni relsdən çıxardırsan, kitabları alsam, şeiri yaza bilməyəcəyəm. "Şerini yaz, - hirslə deyirəm, - hər halda sənə zorla kitab bağışlamaq fikrim yoxdu". "Mənə də yox, -   bu da əl çəkmir, - qabaqlayıcı müdafiə tədbirləri görməsəydim, zorla da olsa bağışlayacaqdın!" Işə bax, müdafiə tədbirləri! Bir söz demirəm, hardasa haqlıdır, mən kitabları ona bağışlamaq niyətindəydim, hansı yolla olsa.

Bu arada beş-altı il bundan əvvəl köçüb Bakıya getmiş şair gəldi Yardımlıya. Adam Yardımlıda darıxırdı, Yardımlı onun hisslərini izhar eləməsi üçün   dar məkandı, böyük ideyaları, aşıb-daşan enerjisi ilə bu dar məkana sığmırdı, dar məkan onun fitri, nadir istedadının qabağına çəpər çəkirdi, onu boğur, sıxırdı. Bir sözlə adamın geniş məkan, genişlik arzulaması üçün kifayət qədər səbəbləri var idi. Getdi Bakıya, arzuladığı məkana qovuşdu, amma geniş məkan da onun nadir, fitri istedadının üzə çıxmasında heç bir rol oynamadı, tam əksinə, yenə Yardımlıda az-çox tanınırdı, ara-sıra şeirləri qəzetlərdə görünürdü, Bakıda isə itdi-batdı, böyük şəhər enerjisi aşıb-daşan şairimizi uddu, qurtardı getdi.

Şair gedib kənddə hansısa qohumunun xeyir işində iştirak eləyib qayıtmışdı, gecəni bizdə qaldı, səhər onu yola salanda birdən ağlıma gözəl ideya gəldi, kitabları şairə bağışlayım. Adam rayonda olanda biz ona kitab qurdu deyirdik, inanılası deyildi, gecə-gündüz oxuyurdu, əlinə nə kitab keçdi, oxumalıydı. Əlbəttə, belə hədiyyə şair üçün göydən düşmə olmalıydı,   azından bir ay başını qatacaqdı. O vaxtdan lentlədiyim yeşiyi gətirib şairə verirəm:

- Bu nədir? - şair gözlərini bərəldir.

- Steynbekin 6 cildliyidir! - təntənə ilə deyirəm.

- Steynbek? 6 cildliyi?

- Hə də! - başa düşmürəm, şairi bunca heyrətləndirən nədir. - Sənə hədiyyə eləyirəm.

Ehh, sən də! Nəyimə lazımmış mənim Steynbek, şair əllərini ölçür, elə sərt tərzdə etiraz eləyir ki, matım-qutum quruyur, yeşik əlimdə quruyub qalmışam, ürəyimdə Allaha yalvarıram, bircə yoldaşım məni bu namünasib vəziyyətdə görməsəydi! Aylarla dilindən düşməz.  Şair  nəyə görəsə hirslənib, əşşi, srağagün arvadım deyir, ay kopoyoğlunun adamı, bu kitablar sənin nəyinə lazımdı? Özünə bir gün ağladın bu kitablarla, ya balalarına ağlayacaqsan? Iki qəpik pul qazanırsan, onu da verirsən kitablara. Deyirəm, ay arvad, coşma, bir sakit ol, kitabları pulla almıram, mənə bağışlayırlar. Deyir, o kitabları sənə bağışlayanların lap...

- Dayan! - özümdən asılı olmayaraq qışqırıram.

- Nəydi? - şair döyükür.

- Sən arvadınla aranızda olan şəxsi söhbətləri danışmaq zorunda deyilsən, - onu başa salmağa cəhd eləyirəm.

Şair bəlkə də başa düşür, amma məndən çox o dilxor olub, qırmızı-qırmızı üzümə deyir: "Adamın işinə bax, rayon yerində olur,   pendirindən, balından, yağından, çolpasından sovqat vermək əvəzinə kitab hədiyyə eləyir". "Bax, - deyirəm, - mənim inək fermam yoxdur, arı saxlamıram, çolpa-filan da o cümlədən,  mən də sənin kimi o dediklərini cibimin pulu ilə alıram. O səbəbdən də sənə nəsə bağışlaya bilməyəcəyəm. Həm də belə çıxmasın guya gələndə dolu zənbillər gətiribmişsən, zənbillərini boş qaytarmışam. Gəldin, yedizdirdim, içizdirdim, qulluğunda durdum, indi də yola salıram, hələ bir kitab da bağışlayıram. Day niyə qızarıb bozarırsan?" "Gəlmərəm bir də, - şair əməlli-başlı inciyir, - sən də əziyyət çəkib yedizdirib içizdirməzsən, qulluğumda durmazsan! Bir tikə çörək verib, başıma qaxır!"

Incik halda da ayrılıb gedir. Heç yaxşı iş olmadı, hirslənəndə nə danışdığımın fərqində olmuram. Hədsiz dilxor oluram, oturmuram yerimdə, şairə kitab bağışlamaq fikrinə düşürəm. Yoldaşım isə əvvəldən axıra qədər aramızdakı söhbəti eşidibmiş.

- Almadı? - soruşur.

- Hə, - çətinliklə də olsa etiraf eləyirəm.

- Niyə?

- Bilirsən, Steynbek onun sevdiyi yazıçı deyil...

- Steynbeklik bir iş yoxdu! - sözümü kəsir. - Steynbek gözəl yazıçıdır. Sadəcə hamı sənin kimi düşünmür.

Yeşiyi təzədən qaytarıb kitab şkafının üzərinə qoymaq mənim üçün həddən artıq çətin olur. Quş-quşu şair məni pis vəziyyətdə qoymuşdu. Almırsan, alma, sənə zorla kitab bağışlamayacağam ki!  Daha nağıl niyə danışırsan, arvad belə dedi, elə dedi. Elə dedi, sən də gözlərini döyüb baxdın? Hirsləndirdin, mən də olmazın sözlər danışdım.

Kitabları atmağa heyfim gəlir, amma evdə qaldıqları sürəcə də özümü  narahat hiss eləyirəm və mənim xoşbəxtliyimdən rayona xarici şirkətlərin birində işləyən su mütəxəssisi gəlir, su axtarırlar, yaxın iki ildə su problemini həll edəcəklərini təntənəli surətdə bəyan eləyirlər. Mənim ikiqat  xoşbəxtliyimdən isə adam ədəbiyyat həvəskarıdır. Biz onunla ədəbiyyat söhbətləri eləyirik, söhbətimiz təxminən belə olur. Su mütəxəssisi məndən soruşur: "Əfəndim, niyə sizin suyunuz yoxdur?" Mən də ona belə cavab verirəm. "Bizim suyumuz var, amma dərindədir, onu üzə çıxarmaq, aşkar eləmək lazımdır". "Ədəbiyyat da elədir, - su mütəxəssisi deyir, - eləsi var istedadı üzdədir, eləsi də var dərindədir, gərək üzə çıxarasan". Hələ bu da hamısı deyil, mənim üçqat xoşbəxtliyimdən adam Steynbekin vurğunudur. 6 cildliyi həvəslə qəbul eləyir,  məni sərkidən qurtarır, hələ bu münasibətlə mənə qonaqlıq da verir.

Düzdü, aradan bir qədər keçəndən sonra təsadüfən tum satan uşaqların Steynbekin kitablarının vərəqlərindən istifadə elədiklərini gördüm, şübhəyə düşdüm, təsadüfən bu mənim Steynbekim deyildimi? Lap elə mənimdisə də, onda artıq Steynbeklik bir halət qalmamışdı. Zəng eləyib su mütəxəssisindən soruşa bilərdim, zəng eləməyə təşəbbüs də göstərdim, amma adam telefon nömrəsini dəyişmişdi. Nə isə, su mütəxəssisini axtarmaq ideyasından vaz keçdim, lap elə axtardım, tapdım, bu nəyi dəyişirdi? Steynbekə olan olmuşdu.

Bu yay hava sərin və yağışlı keçdi. O qədər gözəl, yağışlı günlər oldu ki, hətta bəzən mənə elə gəlirdi cənnət öz ayağıyla Yardımlıya təşrif gətirib. Yağış yağır, dərələrə duman çökür, qızan torpaqdan isti buğ qalxır, yağış qoxusu, nəmi çəkilən, təpiyən torpağın qoxusu ruhumu oxşayırdı. Ilıq yay gecələri yağışın boğuq tappıltıları altında yuxuya getməkdən gözəl nə ola bilər! Yatağa girəndə boğuq tappıltıları eşidirsən, oyanırsan, yenə də yağış pəncərənin qabağındakı torpağı döyəcləyir. Açıq pəncərədən içəri yağış qoxulu gur, sərin hava dolur.

Elə buna görə də bütün yayı  əsasən Yardımlıda keçirtdim. Yalnız yayın sonunda Bakıya getdim, dostlarımla görüşdüm, toylarda iştirak elədim və həmişə olduğu kimi yenə də Rəhim Əliyevin bağına getdik. Bir vaxtlar burda ləpələr qarajın qapısını yuyurdu, indisə dəniz azından on-on beş metr çəkilib. Gecələr balıqçılar tutduqları balığı qaraja gətirər, burda doğrayardılar, biz də onlardan balıq alar, öz üsullarımızla bişirərdik.

İçəri keçirik, bağın nə isə qüssəli görünüşü var, narlar xəfifcə qızarır, susuzluqdan meyvələr əncir ağacının budaqlarında quruyub qalıb. Göyərçinlər də azalıb, gecələr hinin qapısını bağlamağı bəzən unudurlar, pişik, tülkü yeyir.

Yeyib içir, söhbət eləyirik. Sonda Əlabbasla birlikdə dənizin sahilindəki qayalıqlara çıxırıq, burdan mavi dəniz, lap yuxarıdakı mayak görünür. Qumların, boz daşların arasında yovşan, dəvətikanı bitib, yovşanın tünd qoxusu burun qıcıqlandırır. Dənizin fonunda şəkil çəkdirir, aşağı düşürük.

Bağın qapısını açıb içəri keçəndə Azad Qaradərəli məni səsləyir:

- Aslan, bura gəl! Sənə sürprizimiz var!

Sürpriz? Yenə hansı sürprizdən söhbət gedirdi? Rəhim müəllim kifayət qədər ciddi adamdı, sürpriz deyirdisə, məni əməlli-başlı sürpriz gözləyirdi. Səbirsizliklə artırmada oturmuş dostlarımın yanına gedirəm. Azad divanın üzərindəki  göy salafan torbanı açır. Orda... Steynbekin 6 cildliyi var! Cildləri tozludu, səhifələri saralıb.

- Sabunçu bazarından almışam, - Rəhim özünə məxsus batıq səslə astadan deyir, - sənə ad günü hədiyyəmdi.

Milli.Az