Saxta kosmetikalar: ətrafımız onlara bürünüb
10 Sentyabr 2012 21:16
Kosmetika xarici görünüşünü dəyişdirmək istəyən xanımların gündəlik istifadə etdikləri vasitədən biridir. Zərərli və ya zərərsiz olub-olmadığını düşünməyən əksər xanımlar gündəlik həyatlarında gözəl görünmək üçün kosmetikanın imkanlarından istifadə edirlər. Elə xanımlarımız var ki, evdən makiyajsız çıxmağı özlərinə kompleks bilirlər. Bəs istifadə etdiyimiz kosmetik vasitələrin tərkibindən və zərərindən xəbərdarıqmı?
Qeyd edək ki, Azərbaycan xanımları kosmetikadan geniş istifadə edən xalqlar arasında ön sıralarda qərarlaşıb. Amma digərlərindən fərqli olaraq bizim qadınların əksəriyyəti aldıqları kosmetikanın mənşəyi, istehsal tarixi və saxlanma şəraiti ilə maraqlanmırlar. Əsas məsələ qiymətdir. Yəni ucuz qiymətə satılsın, içində nə olur olsun, bizim alıcı üçün fərq etməz.
Günümüzə nəzər salsaq, görərik ki, son zamanlar Azərbaycan kosmetika bazarını saxta mallar ələ alıb. Kosmetika bazarının mövcud durumu ilə tanış olmaq üçün yüngülvari müşahidə kifayət edir ki, satışda külli miqdarda mənşəyi bəlli olmayan müxtəlif çeşidli keyfiyyətsiz və saxta məhsulların olmasına əmin olarsan. Etiketlərində Avropa ölkələrində istehsal edildiyi göstərilən kosmetik məhsulların çoxunun üzərindəki göstəricilər kimi, tərkibi də saxtadır. Bu məhsullar əsasən Çində istehsal edilir və Azərbaycanda etiketləşdirilir. Buna görə də, bu məmulatların üzərində istehsal tarixi və yararlılıq müddəti göstərilmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə satılan kosmetik vasitələrin 70 faizinin saxta olduğunu dedi: "Ölkədə istehlakçı siyasəti ilə bağlı bir çox problemlər var. Mən bununla bağlı prezidentə teleqrama vuracam. İstehlakçılar bilməlidirlər ki, kosmetik vasitələrin üzərində istehsalat tarixi olmalıdır. Ölkədə satılan kosmetik vasitələrin 70 faizi saxtadır və bu, insan həyatı üçün təhlükəlidir. Mənşəyi bilinməyən saxta kosmetikalar dəri xərçənginə və bir çox mənşəyi bilinməyən xəstəliklərə yol aça bilər. Bu tipli saxta malların yığışdırılması üçün gərək istehsalçıları maarifləndirək. Saxta malların ölkəyə gətirilməsinin qarşısını almaq üçün siyasət aparmalı, ekspertiza olmalıdır".
Qeyd edək ki, metrolarda, açıq bazarlarda, yarmarkalarda da bu tipli məhsullar kütləvi şəkildə satılır. 200 qramlıq ətir şüşələri cəmi bir manata, dodaq boyası 50 qəpiyə, dırnaq boyası 40 qəpiyə, kirşan 80 qəpiyə satılır. Amma problem burda bitmir. Malların sənədlərinin olmaması, qiymət və qabların orijinaldan fərqlənməsi də bu malların saxta olduğunu göstərir. Biz də kosmetika satılan bu tipli mağazalardan bir neçəsinə baş çəkdik.
Nərimanov rayonu ərazisində yerləşən kiçik ərzaq mağazasında da üstündə heç bir istehsal tarixi yazılmayan kosmetik vasitələr satılırdı. Satıcının dediyinə görə, bütün malların orijinal və saxta növləri olur: "Alıcıların əksəriyyəti kosmetik vasitələrin saxta olduğunu bilə-bilə yenə həmin kosmetikadan istəyir. Çünki qiyməti ucuzdur. Burada biz satıcıların bir günahı yoxdur. Biz onları xəbərdar edirik".
Aysun Şərifova adlı sadə vətəndaşın dediyinə görə, bəzən saxta kosmetika ilə originalı ayırmaq olmur: "Bu yaxınlarda göz sürməsi almışdım. Bir müddət istifadə etdikdən sonra gözüm şişdi, allergiya verdi. İndi gözümdən müalicə alıram. Sürməyə verdiyim pulun 2 qat artığını dava-dərmana verməli oldum. Ona görə yaxşı deyiblər, ucuz ətin şorbası olmaz".
Bir çoxumuzun həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş kosmetik vasitələrin hazırlanmasında kimyəvi maddələrdən istifadə edilməsi bir həqiqətdir. Belə vasitələr insanın xarici görünüşünü dəyişməklə onu təbiilikdən çıxarır və bir müddət sonra orqanizmdə çoxsaylı fəsadlara səbəb olur. Müasir dövrümüzdə insanın həyatında ehtiyac olandan daha çox istifadə olunan kosmetikanın mənfi təsirləri və doğurduğu fəlakətli nəticələr tez-tez alimlər tərəfindən ortaya qoyulsa da, böyük biznes maraqları insanları düzgün məlumatlandırmaq və maarifləndirməkdə maneçilik törədir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla tanınmış kosmetik firmaların məhsullarının xüsusi tədqiqatlardan keçdiyini dedi: "Kosmetik vasitələr dermotoloji testlərdən keçir və zərərli təsirləri öyrənilir. Lakin bəzi boyalar dəridə müxtəlif allergiya, fəsadlar törədir. O cümlədən dəridən sorulub orqanizmə konsaragen təsir göstərə bilər. Ona görə də tanınmayan firmaların kosmetikalarını almaq məsləhət deyil. Bu nəinki kosmetikalara, o cümlədən ətirlərə də aiddir. Tanınmış firmaların kosmetikaları baha olur. Ona görə də insanlar çalışırlar ki, ucuz vasitələr alsınlar. Azərbaycan bazarında da təəssüf ki, ucuz, istehsal yeri bilinməyən müxtəlif ətirlər, kosmetikalar daxil edilir. Bu kosmetikaların heç biri kliniki testlərdən keçməmiş olur və tərkibi bilinmir. Məsələn, mənim bir xəstəm var idi, saç boyasına görə dərisində şişlər əmələ gəlib, qan sızmalar və müxtəlif yaralar olub. Həmin saç boyasının təsiri keçəndən sonra müalicə apardıq. Bu fəsadlar da tədricən keçib keçdi".
Bu arad onu da qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun 2009-cu ildə apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu aşkarlanıb. Kosmetika məhsullarının tərkibindəki 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib.
Alıcılardan Leyla Quliyeva bizimlə söhbətdə əsl gözəlliyin sadəlikdə olduğunu dedi: "Mən ancaq firma kosmetikalarından istifadə edirəm. Nə qədər baha olsa da sağlamlığımı düşünməliyəm. Düzdür, çox şey ala bilmirəm. Amma bilirəm ki, keyfiyyətli maldır və heç bir fəsadını görməyəcəm".
"Yeni Müsavat"