Kompüterdə sürətli yazmaq: bunu necə etməli?

7 Sentyabr 2012 15:15
Müasir zamanda günümüzü kompütersiz təsəvvür etmək çətindir. Kompüterə tələbat o qədər artıb ki, hətta ona aid proqramları yaxşı bilməyənlər, klaviaturada sürətli çap edə bilməyənlər ya işsiz qalır, ya da normal iş tapa bilmirlər.

Bakıdakı işədüzəltmə agentliklərinin birinin meneceri Validə İsayevanın sözlərinə görə, əksər şirkətlərə kompüterdə sürətli yazan, proqramları yüksək səviyyədə bilən işçilər tələb olunur. "İşə götürənlər çox vaxt təcrübəsi olmayan, klaviaturada saatlarla hərf axtaranları işə götürmürlər. Onlara artıq hazır kadr lazımdır. Ən azından, heç olmasa, klaviaturada sərbəst yaza bilən işçi. Əks halda, hansısa bir səhifəlik mətn və ya müqaviləni yazmaq üçün işdə 2-3 saat gözləməli olacaqlar", - deyən menecer bildirib ki, bəzi iş axtaranlar yalandan klaviaturada sürətli yaza bildiklərini deyirlər: "Belə işçiləri təəssüf olsun ki, heç bir gün də saxlamırlar. Ona görə ki, vaxt gedir. Müvəffəqiyyət qazanmaq üçün işi sürətli və keyfiyyətli görmək lazımdır".

34 yaşlı Fəridə Osmanova da menecerin dediklərini təsdiqləyir: "Adətən işədüzəltmə agentlikləri dayə, satıcı, xadimə kimi işlər təklif edirlər. Mən isə şirkətə, ofisə işə düzəlmək istəyirəm. Bunun üçün dəfələrlə kompüter kursuna da gedib proqramlar öyrənmişəm. Lakin bütün səylərimə baxmayaraq, klaviaturada yazmaq sürətim çox zəifdir. Getdiyim şirkətlər isə məhz bunu səbəb gətirərək məni işlə təmin etməkdən imtina edirlər".

Kompüter kurslarında müəllimə kimi çalışan Pərvin Ağayevanın sözlərinə görə, klaviaturada sürətlə çap etmək üçün zaman və təcrübə lazımdır. "Amma müəyyən üsullar var ki, onların köməyi ilə tez bir zamanda sürətli çap etmək bacarığına yiyələnmək olar. Səriştəli adam bir səhifəlik mətni 10, hətta 5 dəqiqəyə yaza bilər. Buna nail olmaq üçün məşq etmək, klaviaturada çap edərkən barmaqların hamısından istifadə etmək lazımdır", - deyən kompüter proqramları üzrə müəllimə bildirib ki, iki barmaqla çap etməyə başlayanlar sürətli çapı çətinliklə öyrənəcəklər: "Bəziləri isə kompüterdə ilk dəfə çap etməyə başlayarkən bir barmaqdan istifadə edirlər. Bu isə çox acınacaqlı haldır. Bir və iki barmaqla çap edənlər kifayət qədər təcrübə yığsalar da, onların sürəti qənaətbəxş olmayacaq. Yalnız bütün barmaqları istifadə etdikdə yüksək çap sürətinə nail olmaq mümkündür. Eləcə də çap edərkən klaviaturaya baxmaq olmaz. Nəzərlərinizi monitorda saxlayın".

P.Ağayeva qeyd edib ki, nəyisə öyrənmək üçün istək çox vacibdir: "İlk günlər çətin olsa da, çalışın klaviaturaya baxmadan yazasız. Hərfləri barmaqlarınızla axtarın. Hətta bəzi düymələrdə çıxıntılar da olur ki, asan tapılsın. Misal üçün, F və C düymələrində xətti xatırladan çıxıntı var. Çap zamanı şəhadət barmaqlarla həmin düymələri basın. Baş barmaqdan başqa digərləri o biri düymələrin üstünə düşür. Əslində hər barmaq bir neçə düymənin basılması üçün nəzərdə tutulub. Həmin düymələri basdıqdan sonra barmaqlar əvvəlki vəziyyətinə qayıdır. Əzələ yaddaşı və daimi məşqlər çapı mexaniki edir".

Onun dediyinə görə, klaviaturada çap etməyi öyrənmək üçün kompüter kurslarına müraciət etmək və ya repetitor tutmaq olar: "Buna aid dərsliklərdən də istifadə etmək olar. Lakin dərsliklərin köməyi ilə öyrənmək uzun sürür. Təxminən 3-4 aya qədər vaxt lazım olur".

Müsahibim əlavə edib ki, klaviaturada sürətli çapı öyrənmək üçün xüsusi proqramlar da satılır. "Bunlar vasitəsilə bir həftəyə də öyrənmək olar", - deyən müəllimə diqqətə çatdırır ki, xüsusi kompyuter oyunları da sürətli çapı öyrənməyə kömək edir: "Çatda, sosial şəbəkələrdə yazışmalar da bu baxımdan xeyirlidir".

Onun sözlərinə görə, bu gün müxtəlif saytlar var ki, onlar canlı olaraq çap etməyi öyrədir: "Belə saytları internetdə axtarışa verərək tapmaq olar. Onların xidmətləri həm pullu, həm də pulsuz olur. Bu cür saytlar vasitəsilə sürətli çapı öyrənmək həm də əyləncəli olacaq. Saytda sizin kimi öyrənməyə çalışan dostlar tapa, maraqlı yazışmalar da edə bilərsiz".

Ağayeva qeyd edib ki, saytlarda canlı olaraq klaviatura göstərilir: "Burada düymələr də canlanır ki, sizdən onları basmaq tələb olunur. Düymələri basaraq yığdığınız mətn isə ilk baxışdan lazımsız görsənsə də, əslində xüsusi proqram üzrə seçilir. Bu proqram isə əzələ yaddaşını gücləndirir. Həm də bu üsulla klaviaturada sürətli çap vərdiş halına keçir".

"Ekspress" qəzeti