Bakıda yeni ünvana qeydiyyata düşmək üçün nə etməli?

6 Sentyabr 2012 01:30

Gül adlı oxucu Milli.Az-a müraciət edib ki, yeni ailə həyatı qurub və öz əvvəlki ünvanından çıxıb yeni köçdüyü evə qeydiyyata düşmək istəyir. Oxucu qeydiyyata düşmək üçün hansı sənədlərin təqdim olunmasını öyrənmək istəyir.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a bildirildi ki, bir ünvandan digərinə qeydiyyata düşmək "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun"un tətbiqi haqqında əsasnamə ilə tənzimlənir. Əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin polis orqanına müraciət etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata almaq üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, yaşayış sahəsinə köçmək üçün əsas verən order, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsi təqdim olunmalıdır.

Anar Məmmədov

Milli.Az