"Neftçi"nin qrupunda əsas rəqib - Milan "İnter"i

5 Sentyabr 2012 12:53
"Göy-qara" forma geyinən İtaliya klubunun baş məşqçisi Bakıda oynayacaqlarından çox məyusdur

"Neftçi"nin yunan Kiprinin APOEL klubu ilə avqustun 30-da keçirilən təkrar oyununun (Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı) telekanallarda verilməməsi yekə bir ayıb idi - həm AFFA, həm klub rəhbərliyi, həm də dövlət telekanalı adına. Bunun səbəbi, bəhanəsi nə olursa-olsun, bu münasibətdən çıxan nəticə daha sərtdir, daha utandırıcıdır ki, onu bu yazıda dilə gətirməsək, yaxşıdır. Yunanların Azərbaycandan gedən azsaylı azarkeşlərimizin üstünə xoruzlanmasının bir səbəbi də var: dövlət qurumları kluba bu dərəcədə sayğısız münasibət göstərərsə, rəqib ayağa durub azarkeşimizin gözünü də çıxarar, oyunçumuzun başına daş da atar. Necə ki, Nikosiyada "Neftçi" qolları sıraladıqca stadionda onların başına əşyalar yağış kimi yağırdı...

Sağ olsun, "Neftçi" utandırmadı, ölkə adına bir ilkə imza atdı. "Neftçi"nin sayəsində Bakıda İtaliya "İnter"ini və ulduz oyunçularını görəcəyik. Tale elə bil Azərbaycanı qarğayıb; harada bir uğurumuz olsa, Rusiyanın qartallarından birinin başı mütləq oradan bizə rəqib çıxır. Bu dəfə də Kazanın çox güclü komandası "Rubin" qrupda rəqibimiz oldu. Onların əvəzinə bir İspaniya və ya İngiltərə klubu ilə rəqib olsaydıq, daha maraqlı olacaqdı. Nəhayət, Serbiyanın "Partizan"ı bu qrupda "Neftçi" ilə mübarizə aparacaq. Maraqlı dördlükdür: neftçilər, partizanlar, bahalı daş-qaş və sadəcə "İnter". Əgər AFFA, "Neftçi" və AzTV rəhbərliyi anlaşsa, bu rəqiblərin oyunlarını ekranda da görə biləcəyik. Yox, anlaşmasalar, daha da biabır olacaqlar.

Bu yazıda "Mozalan"ın məşhur süjetini xatırlamaq yerinə düşür. Səyavuş Aslanın baş rol aldığı süjet çox qısa və sadə, amma elə indi də aktualdır. DAM-ın yolları bağladığından şikayət edən taksi sürücüsünün yanında oturan müştəri - Səyavuş deyir: ""Neftçi" yenə Avropa Kubokunu alıb, ona görə yolları bağlayıblar". Vaxtilə Avropa kubokları uğrunda oynamaq bizim üçün əlçatmaz idi. İndi "Neftçi" Avropa Liqasının qrupunda oynayacaq. Kim bilir, bəlkə "Mozalan"da deyilənlər bir gün həqiqət də oldu. İndi isə həqiqət budur ki...

...Avroliqaya vəsiqə "Neftçi" büdcəsini artırıb

UEFA 2012-2013-cü il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klubların hər birinə, o cümlədən "Neftçi" yə 1 milyon 300 min avro pul ödəyəcək. Komanda uğurlu çıxış edərsə, "Neftçi" qrupdakı hər qələbəyə görə 200 min, hər heç-heçəyə görə isə 100 min avro əldə edəcək. Bir sözlə oyna, qazan.

"Qrupdakı rəqiblərimiz güclüdür. Təbii ki, zəif qrupa da düşə bilərdik. Ancaq güclü komandalarla düşdük". Bu sözləri "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. T.Süleymanov "Neftçi"nin qrupdan çıxmaq şanslarını dəyərləndirmək istəməyib: "Biz öz futbolumuzu oynayacağıq. "İnter"i Bakıya yoldaşlıq oyunu üçün yox, rəsmi görüş üçün gətirəcəyik. İndidən qrupdan çıxmaq şansımızı dəyərləndirmək istəmirəm. Hələ ki, qrupa düşməyin sevincini yaşayırıq. "Neftçi" rəqiblərlə başa-baş mübarizə apararaq qrupdan çıxmağa çalışacaq".

Qeyd edək ki, "Neftçi" ilk oyunu sentyabrın 20-də səfərdə "Partizan"a qarşı keçirəcək. Amma "Neftçi"nin ən güclü rəqibi, şübhəsiz ki, İtaliya klubudur. Həm də qrupdakı klublar arasında ən qocamanı "İnter"dir. Məhz bu səbəbdən ilk olaraq "İnter" haqqında danışmaq doğru olardı. Təqdimata ehtiyacı olmasa da...

Bir davadan yaranan klub

"İnternasional"ın yaranma tarixi bir dava ilə bağlıdır. "Milan"da legionerlərin oynamasına qadağa qoyan rəhbərliklə sözün əsl mənasında əlbəyaxa savaşa çıxan 43 nəfəri gözlərinin altını "fanarlayanadək" döyürlər. Klubdan ayrılanlar özlərini "Üz-gözü qaralmış qızıl gənc" adlandırırlar. Gözlərinin altındakı qaraya işarə olaraq "İnternasional"ın forması da "ağ-qara" olur. (Bu yerdə daha bir xatırlatma: "Neftçi"nin forması da "ağ-qara"dır). Beləliklə, 1908-ci ilin martında rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - "İnter" təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılır.

1910-cu ildə ilk dəfə İtaliya çempionu olan "İnter" 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edir. 1954-cü ildə "İnter"in "qızıl dövrü" başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu alır.

1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993-1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilir. Sonra isə UEFA kubokunu alır. 1995-ci ildə klubun prezidenti Massimo Moratti Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçuları alır. Amma klub yenə də ölkə çempionatında uğur qazana bilmir. 1998-ci ildə Luidji Simonenin rəhbərlik etdiyi "İnter" yenə UEFA Kubokuna sahiblənir. 2000-ci ildə Moratti Marçello Lippini klub rəhbərliyinə gətirir. Anjelio Peruççi kimi tanınmış futbolçularla müqavilə bağlansa da, yenə Skudettonu almaq qismət olmur. 2002-2003-cü illər "İnter" milli çempionatda ikinci yeri tutur, Çempionlar Liqasının yarımfinalında "Milan" a məğlub olur.

2003-2004-cü illər mövsümündə komandaya əvvəl Alberto Zakkeroni, sonra isə Roberto Mançini rəhbərlik edir. 2005-ci ildə klub İtaliya kubokuna və Superkuboka yiyələnir. 2006-cı ildə komanda 3-cü yeri tutsa da, çempion "Yuventus" danışılmış oyunlara görə aşağı liqaya göndərilir, bir neçə komandanın xalları silinir və nəticədə "İnter" Skudettonun qalibi elan olunur. Amma növbəti il "İnter" yenə çempion titulunu qoruyub saxlayır.

2009-20010 mövsümündə "İnter" tarixində 18-ci dəfə İtaliya çempionu olur. 2010-2011-ci illərdə klub ispaniyalı məşqçi Rafael Benitis, Leonardo və Pyero Qasperini və Klaudio Ranyeri ilə müqavilə bağlasa da, onları bir neçə ay sonra istefaya göndərib.

Komandanın indiki məşqçisi 2012-ci ilin mart ayında bu vəzifəyə təyinat alan Andrea Stamaççionidir. O, uzun müddət "Roma" klubunun baş məşqçisi olub. İtaliyada çox uğurlu məşqçi kimi tanınmayan Andrea ilə müqavilə 2015-ci ilədək imzalansa da, klubun rəhbərliyində müvəqqəti hesab olunur.

"İnter" bu mövsümə uğurlu başlamayıb. Sentyabrın 2-də "Roma" ilə keçirilən görüşdə "İnter" öz meydanında 1:3 hesabı ilə məğlub olub. Komandanın uğursuzluğundan danışan baş məşqçi "Neftçi" üçün maraqlı ola biləcək açıqlama verib. O deyib ki, "komandada oyun yox, psixoloji problem var".

Maraqlıdır ki, "İnter"in baş məşqçisi püşkatmanın nəticəsindən də narazı qalıb. Daha doğrusu, rəqibin "Neftçi" olmasından. Məşqçi deyib ki, səfər oyunu üçün uzaq məsafə qət etməli olacaqlar ki, bu da klub üçün sərfəli deyil. "İnter"in idman direktoru məşhur portuqaliyalı Luiş Fiqu da nəticədən məmnun görünməyib: "Deməzdim ki, bizə asan rəqiblər düşüb. Komandamıza kifayət qədər uzun səfərlər qət etmək lazım olacaq. Lakin istənilən halda, "İnter" asanlıqla qrupdan çıxmalıdır".

Qeyd edək ki, komanda ev oyunlarını iki dəfə dünya çempionu olmuş futbolçu Cüzeppe Meaççanin şərəfinə "Cüzeppe Meaçça" adlanan stadionda keçirir. 82 min azarkeş tutumu olan bu stadionda "Milan" da ev oyunlarını keçirir. Amma milanlı azarkeşlər buraya əvvəlki adını - "San-Siro" deyirlər.

Komandanın tam heyəti belədir:

Qapıçılar:
Matteeo Cincilla
Vid Belek
Luka Kastellaççi
Samir Xandanoviç.
Müdafiəçilər:
Matteo Byaketti
 Conatan
Xavyer Zanetti
Kristian Kivu
İbraima Mbaye
Yuto Naqatomo
Alvaro Pereyra
Abndrea Panokkya
Valter Samuel
Matias Silvestre
Yarımmüdafiəçilər:
Rikardo
Marko Benassi
Valter Qurqano
Fredi Quarin
Alfred Dunkan
Esteban Kambiyasso
Filippi Korreya
Makdonald Mariqa
Qabi Midinqan
Çukvuma Obi
Andrea Romano
Uesli Snayder
Deyan Stankoviç
Hücumçular:
Antonuio Kassano
Marko Liviya
Dieqo Milito

Beləliklə, heyətdən də məlum olur ki, "Neftçi", doğrudan da, çox güclü bir rəqiblə mübarizə aparmalı olacaq. Son Avropa çempionatında İtaliya millisinin tərkibində Kassanonun necə təhlükəli oyunçu olduğunu xatırlamaq kifayətdir. Ağır ürək əməliyyatına baxmayaraq, yaşıl meydanlara qayıdan Kassano gözəl oyunu ilə yadda qaldı. Argentinalı Xavyer Zanetti də istənilən komandanın hücum xəttində "dəmir divar" ola bilər. Yarımmüdafiə xəttində oynayan digər argentinalı Esteban Kambiyassonu da yaddan çıxarmaq olmaz. Avro-2012-də uğursuz oyununa baxmayaraq, Hollandiya millisinin oyunçusu Uesli Snayderi də qeyd etmək lazımdır.

"Yeni Müsavat"