Əsas təhlükə Avropadan gəlir

2 Sentyabr 2012 21:12
Milli.Az Zaman-a istinadən bildirir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin icmalında vurğulanır.

"Moody's" qeyd edir ki, qlobal iqtisadiyyat üçün risklər dərinləşib və onların sayı artıb. İqtisadiyyat üçün əsas risk avrozonada gözlənildiyindən də dərin ola biləcək iqtisadi böhrandır. Böhranı dərinləşdirəcək səbəb kimi agentliyin ekspertləri kreditlərin əlçatanlığının kəskin azalmasını görürlər.

Digər əsas risk inkişaf etməkdə olan bazarların inkişaf sürətinin kəskin aşağı düşməsidir. Qeyd edək ki, buraya əsasən Çin, Hindistan və Braziliya daxildirlər. İqtisadi sabitliyə təhlükə yaradan digər amil geosiyasi amillər nəticəsində dünya bazarına neft nəqli ilə bağlı yarana bilər.

Nəhayət, 4-cü risk 2013-cü ildə ABŞ dövlət büdcəsinin gözlənilmədən və kəskin azalmasıdır. Agentliyin ekspertləri bildirirlər ki, nəticədə bu il iqtisadi artım sürəti əvvəlki illərə nisbətən xeyli aşağı olacaq. "Moody's"in qiymətləndirmələrinə görə, G-20 ölkələrində yalnız cüzi iqtisadi artım ola bilər. Belə ki, 2012-ci ildə G-20-də 2,8%, 2013-də 3,4% iqtisadi artım gözlənilir. Xatırladaq ki, 2011-ci ildə bu ölkələrdə artım 3,2%, 2010-da 4,6% olub.

Milli.Az