Naxçıvanın Boyalı qablar mədəniyyəti abidələri
31 Avqust 2012 19:10
Qızılburun yaşayış yeri
Zaman-zaman qiymətli tarixi abidələrimizi yetərincə təbliğ edə bilmədiyimizdən, qarşımıza hər yerdə onların saxtakar sahibləri çıxıb. Bu haqda çoxlu faktlar göstərmək olar. Amma bütün bu oğurluqların qarşısını almaq və qədim tariximizin möhürünü başqalarının əlinə verməməyin ən yaxşı yolu onların əsaslı şəkildə araşdırılması və təbliğ olunmasıdır. Bu mövzuda daha bir dəyərli abidələr kompleksi haqqında söhbət açacağıq. Bəhs edəcəyimiz abidə Naxçıvan ərazisində, Təzəkənd yaxınlığında yerləşən e.ə. II-I minilliklərə aid Qızılburun yaşayış yeridir.
Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən istiqamətində salınmış abidə 1926-cı ildə qeydə alınmışdır. Burada arxeoloji tədqiqatlar uzun illər sonra, 1969-cu ildə aparılmışdır. 100 kv.m sahədə aparılan tədqiqatlar nəticəsində 2 kv.m mədəni təbəqə qeydə alınmışdır. Bu təbəqə kül qarışıq torpaq laylarından ibarətdir. Sahədən əldə olunmuş çəhrayı boz və qara rəngli keramika məmulatları öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır. Burada əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq var. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.
Qədim yaşayış yerinin yaxınlığında yerləşən başqa unikal bir abidə də Qızılburun nekropoludur. Bu, Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə hesab olunur. Təəssüf ki, abidənin bir hissəsi Naxçıvan-Culfa dəmir yolu xəttinin çəkilişi zamanı dağıdılmışdır. 1895-ci ildə aşkara çıxarılan nekropol şərqdə dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə dövrələnir. Ərazidəki açılmış qəbirlərdə qızıl əşyaların olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı bütün qəbirləri qarət etmişlər. Sonra məsələdən xəbər tutan sərhəd gözətçi məntəqəsinin əməkdaşları qarətin qarşısını almış və əldə olunmuş materialların bir hissəsi toplanaraq Moskvaya, İmperator Arxeoloji Komissiyasına göndərilmişdir.
Arxeoloji komissiyanın göstərişi ilə 1896-cı ildə qəbiristanlıqda qazıntı işləri aparılmış, tapıntılar isə Moskva Dövlət Tarix Muzeyinə göndərilmişdir. Muzeyə göndərilmiş maddi mədəniyyət nümunələri 1909-cu ildə tədqiq edilərək nəşr olunmuşdur.
Boyalı qablar və ya Qızılvəng mədəniyyəti
Bu qədim nekropolda aparılmış arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərdə bükülü, bəzən isə oturdulmuş halda basdırılmış meyidlər aşkar edilmişdir. Bundan başqa, qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl bəzək əşyaları, əqiq və pastadan hazırlanmış muncuqlar və digər mədəniyyət nümunələri tapılmışdır.
Ümumiyyətlə, 1896, 1904 və 1926-cı illərdə burada tapılan tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud, qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xətlərlə naxışlanmışdır. Bu səbəbdən də, tədqiqatçılar Naxçıvan mədəniyyəti adı ilə yanaşı, bu mədəniyyəti Boyalı Qablar mədəniyyəti də adlandırmışlar. Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur.
Bu mədəniyyətin sahibləri patriarxal - icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Boğazköy, Əlişarhöyük), Güney Azərbaycanda (Təpə Sialk, Göytəpə, Təpəhissar), Ermənistanda (Təzəkənd) aşkar edilmişdir.
Böyük bir tarixi mərhələni əks etdirən Boyalı Qablar mədəniyyəti - Qızılvəng mədəniyyəti və ya Naxçıvan mədəniyyəti, əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərinə (e.ə. II minillik-I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət hesab olunur. Boyalı Qablar mədəniyyəti üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər və s.), siklop tikililəri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.
Naxçıvan mədəniyyətinin dörd inkişaf mərhələsindən biri
Ümumiyyətlə götürdükdə isə, Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir. Bəhs etdiyimiz qabların yarandığı dövr bu mədəniyyətin ikinci mərhələsinə aiddir. Əgər e.ə. XX-XVII əsrləri əhatə edən I mərhələ üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qablar səciyyəvidirsə, e.ə. XVII- XV əsrləri əhatə edən II mərhələ üçün mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə, Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar xarakterikdir. Birinci mərhələdə qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapma naxışlı sadə saxsı nümunələr təsadüf edilir. Bu mərhələdə boyalı qablar dalğalı, sınıq və düz xətlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (Nəhəcir və Yaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var. İkinci mərhələni əks etdirən qabların üzəri isə əsasən açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.
Bundan başqa, bəhs olunduğu kimi, Qızılburun nekropolu ərazisində yerləşən çox maraqlı bir abidə də qeydə alınmışdır. Bu, orta əsrlərə aid Qızılvəng monastırıdır. Məbəd yaxşı yonulmuş qırmızı tuf daşı və bişmiş kərpicdən inşa edilmişdir. Salamat qalmış əsas kilsə binasının daxilində on səkkiz freska var. Bunlardan səkkizi böyük dördkünc sütunlar üzərində, onu isə günbəzdə çəkilmişdir. Məbədin hazırda ancaq izləri qalmışdır.
Bu ərazidə eyni adı daşıyan bir neçə maraqlı yer var. Onlardan biri də Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin yaxınlığında yerləşən Qızılvəng mineral su bulağıdır. Bulaq Naxçıvan şəhərindən18 km cənub-şərqdə, Şordərə çayının töküldüyü dərədə yerləşir. Suyu soyuq və acı-şordur. Bu hidronim də adını ərazidəki eyniadlı Qızılvəng məbədindən almışdır.
"Azadlıq" qəzeti