Türk mətbəxinin klassik şirniyyatı: Revani resepti

30 Noyabr 2026 02:02

Osmanlı saray mətbəxindən günümüzə gələn revani un və manna yarmasının bərabər nisbəti sayəsində xəmirlaşmədən şərbəti süngər kimi içinə çəkən ən məşhur şərbətli şirniyyatlardan biridir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Şərbət üçün: 3 stəkan (təxminən 540 q) şəkər tozu, 3,5 stəkan (700 ml) içməli su, 3-4 damcı təzə sıxılmış limon suyu.

Xəmir üçün: 4 ədəd böyük yumurta (otaq temperaturunda), 1 stəkan (180 q) şəkər tozu, 1 stəkan (200 ml) tam yağlı qatıq (otaq temperaturunda), 1 stəkan (200 ml) günəbaxan yağı, 1,5 stəkan (240 q) xırda manna yarması (irmik), 1,5 stəkan (180 q) ələnmiş buğda unu, 1 paket (10 q) qabartma tozu, 1 paket (5 q) vanilin, 1 ədəd limonun rəndələnmiş qabığı (yalnız sarı hissəsi).

Yağlamaq və bəzək üçün: 1 xörək qaşığı kərə yağı, kokos yonqarı, üyüdülmüş Antep püstəsi və camış qaymağı.

Hazırlanması:

Şərbət: Şəkər tozu və suyu qazanda əriyənə qədər qarışdırıb qaynadın. Qaynadıqdan sonra vam odda 10 dəqiqə bişirin, limon suyunu əlavə edib 2 dəqiqə də qaynadın və ocaqdan götürüb otaq temperaturuna qədər tam soyumağa qoyun (kek isti, şərbət isə tam soyuq olmalıdır).

Xəmir: Yumurta və şəkər tozunu mikserin yüksək sürətində ağarıb krem halına gələnə qədər 4-5 dəqiqə çalın. Üzərinə qatıq və duru yağı əlavə edib mikserin aşağı sürətində 15-20 saniyə qarışdırın.

Quru ərzaqlar: Manna yarması, limon qabığı, ələnmiş un, qabartma tozu və vanilini əlavə edib spatula ilə altdan yuxarıya doğru ehtiyatla qarışdırın (xəmiri 5 dəqiqə dincəltsəniz, manna mayeni çəkib ideal qatılığa gələr).

Bişirilmə: Kərə yağı ilə yağlanmış təxminən 26x36 sm ölçülü soba qabına xəmiri tökün, hava qabarcıqlarının çıxması üçün qabı masaya iki dəfə yüngülcə vurun. Əvvəlcədən 180°C qızdırılmış sobanın orta rəfində üstü və altı qızarana qədər 30-35 dəqiqə bişirin (ilk 25 dəqiqə sobanın qapağını açmayın).

Şərbətləmə və servis: Sobadan çıxan isti revanini 2-3 dəqiqə gözlədib kvadrat və ya paxlava şəklində dilimləyin və tam soyumuş şərbəti üzərinə gəzdirin. Üstünü örtmədən ən azı 2-3 saat şərbəti çəkməsini gözləyin, daha sonra kokos, Antep püstəsi və camış qaymağı ilə servis edin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)