Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub

29 Noyabr 2026 10:15

İspaniyanın paytaxtı Madriddə yerləşən Milli Tarix Arxivində aşkar olunan XVII əsrə aid sənəd Osmanlı və İspaniya arasındakı tarixi münasibətlərlə bağlı indiyədək mövcud olan təsəvvürləri dəyişə bilər.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, 1650-ci ildə Osmanlı sultanı IV Mehmet tərəfindən İspaniya kralı IV Felipeyə göndərilən, uzunluğu iki metr yarımdan artıq olan sənəd arxivdə aşkarlanıb.

Sənədin üzərində Sultan IV Mehmetin qızıl suyuna çəkilmiş tuğrası yer alır. Ən diqqətçəkən məqam isə Osmanlı və İspaniya arasında düşmənçilik münasibətlərinin mövcud olduğu düşünülən dövrdə bu məktubda sülh və ticarət təkliflərinin əksini tapmasıdır.

Tarixçi Ruben Qonzales Kuervanın sözlərinə görə, Osmanlı sultanı İspaniya kralına digər Avropa dövlətləri ilə bağlanan sazişlərə bənzər sülh və ticarət müqaviləsi təklif edib. Həmçinin İspaniya tacirlərinin İstanbulda fəaliyyət göstərməsinə şərait yaradacağını vəd edib.

Tarixçi hesab edir ki, bu sənəd XVII əsrin ortalarında Madrid və İstanbul sarayları arasında rəsmi diplomatik əlaqələrin mövcudluğunu sübut edən mühüm tarixi mənbədir.

Kuerva bildirib ki, İspaniyanın XVIII əsrin sonlarına qədər İslam dövlətləri ilə rəsmi diplomatik münasibətlərinin olmadığı düşünülürdü. Lakin yeni aşkarlanan sənəd bu qənaətin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Onun fikrincə, Sultan IV Mehmetin bu addımı Venesiya ilə müharibə şəraitində olan Osmanlı dövlətinin xristian dövlətləri arasındakı birliyi pozmaq və İspaniyanı Venesiyaya dəstəkdən uzaqlaşdırmaq cəhdi də ola bilər.

Sənəd üzərində aparılan araşdırmalar zamanı onun əl işi kağız üzərində hazırlandığı, yüksək səviyyəli xəttatlıq nümunəsi olduğu və üzərində həqiqi qızıldan istifadə edildiyi müəyyənləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)