Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur

28 Noyabr 2026 22:00

Türkiyə 2050-ci ilə qədər Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə azı 12 nüvə reaktorunun tikintisini həyata keçirməyi hədəfləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda təşkil olunan "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, dünyada ən böyük enerji böhranlarından biri yaşanmasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə enerji təchizatı ilə bağlı ciddi çətinliklərlə üzləşməyib.

A.Bayraktar "Milli Enerji 2040" strategiyasının prioritet istiqamətlərinə toxunaraq, bərpaolunan enerji mənbələrinin istehsal gücünün əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bildirib.

Nüvə enerjisinin Türkiyə üçün 70 illik hədəf olduğunu vurğulayan nazir Akkuyu Atom Elektrik Stansiyasında (AES) dörd reaktorun tikintisinin hazırda davam etdiyini qeyd edib.

A.Bayraktar əlavə edib ki, Türkiyə Akkuyu ilə kifayətlənməyərək, Sinop və Trakya bölgələrində də nüvə elektrik stansiyaları inşa etmək niyyətindədir. Eyni zamanda, ölkə kiçik modul reaktorlar (SMR) texnologiyasının inkişafına xüsusi diqqət ayırmağı və bu sahədə istehsalçı ölkələrdən birinə çevrilməyi planlaşdırır.

Nazir nüvə enerjisinin perspektivdə Türkiyənin enerji balansının əsas və ayrılmaz komponentlərindən biri olacağını vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)