Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)

28 Noyabr 2026 21:05

Azərbaycan musiqiçiləri - Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə və Mərkəzin solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində keçirilən III Dünya Mədəniyyət Festivalında (World Culture Festival Karachi 2026) iştirak ediblər.

Pakistan İncəsənət Şurasının (Arts Council of Pakistan) təşkilatçılığı ilə keçirilən və 25 gün davam edən festivalda 153 ölkədən 1000-dən çox sənətçi iştirak edib. Festival çərçivəsində beynəlxalq yaradıcılıq əməkdaşlığının inkişafına və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət edən çoxsaylı konsertlər, teatr tamaşaları, sərgilər və digər mədəni tədbirlər təşkil olunub.
Festivalın əsas hadisələrindən biri Kəraçi şəhərindəki YMCA meydanında keçirilən təntənəli bağlanış mərasimi olub. 5000-dən çox tamaşaçının qatıldığı konsertdə Azərbaycan, ABŞ, Əlcəzair, Çexiya, İtaliya və Pakistan da daxil olmaqla 20 ölkənin musiqiçiləri eyni səhnəni bölüşüblər.

Azərbaycanlı ifaçılar konsertdə milli musiqi irsimizin zənginliyini, muğam sənətini və ənənəvi musiqi alətlərimizin geniş ifaçılıq imkanlarını nümayiş etdirən parlaq proqramla çıxış ediblər. Onların ifaları tamaşaçıların böyük rəğbəti və sürəkli alqışları ilə qarşılanıb. Azərbaycanlı musiqiçilərlə yanaşı, tanınmış pakistanlı rübab ifaçısı Başarat Babar, çexiyalı musiqiçi Tomaş Reyndl və italiyalı skripkaçı Andrea da səhnəyə çıxıblar.

Konsertin sonunda Sahib Paşazadə və Kamran Kərimova festivalın əsas mükafatı təqdim olunub.

Bağlanış mərasimi çərçivəsində yerli və xarici rəqqasların iştirakı ilə ənənəvi sufi rəqsi olan "dhamal"ın möhtəşəm təqdimatı, eləcə də Pakistanın Sind, Pəncab və Bəlucistan əyalətlərinin mədəni zənginliyini əks etdirən rəqs nömrələri nümayiş etdirilib.

Festivalın tədbirlərində Pakistanın rəsmi şəxsləri, diplomatlar və müxtəlif ölkələrin mədəniyyət nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində Sind əyalətinin baş naziri Seyid Murad Əli Şah da iştirak edib.

Festival iştirakçılarının şərəfinə rəsmi qəbul
Festival çərçivəsində Sind əyalətinin qubernatoru Seyid Məhəmməd Nehal Haşmi World Culture Festival Karachi 2026 iştirakçılarının şərəfinə Qubernator Evində rəsmi qəbul və ziyafət təşkil edib.

Tədbirdə Pakistan rəhbərliyinin nümayəndələri, müxtəlif ölkələrin diplomatları və mədəniyyət xadimləri, o cümlədən Azərbaycanın musiqiçiləri Sahib Paşazadə və Kamran Kərimov iştirak ediblər.

Qəbulda çıxış edən qubernator Pakistan mədəniyyətinin zənginliyini və rəngarəngliyini vurğulayaraq bildirib ki, incəsənət sərhəd tanımır. Dünyanın müxtəlif qitələrindən olan sənət nümayəndələrinin Kəraçidə bir araya gəlməsi şəhərin sülh, sevgi və mədəni harmoniya məkanı olduğunu göstərir.
Onun sözlərinə görə, mədəni tədbirlər ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi baxımından mühüm platformadır. Qubernator xarici qonaqların Pakistan haqqında müsbət təəssüratlarını və ölkənin qonaqpərvərliyini öz ölkələrində bölüşəcəklərinə ümidvar olduğunu bildirib.

Sahib Paşazadə isə səmimi qəbula görə qubernatora təşəkkür edərək bu cür beynəlxalq təşəbbüslərin sivilizasiyalar və mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsində, xalqların bir-birini daha yaxından tanımasında mühüm rol oynadığını vurğulayıb.

Görüşün sonunda Seyid Məhəmməd Nehal Haşmi Azərbaycana xüsusi rəğbətini ifadə edərək qardaş Azərbaycan xalqına dərin ehtiramını və səmimi salamlarını çatdırmağı xahiş edib.

Azərbaycanlı musiqiçilərin çıxışı Pakistan mediasının diqqətində
Azərbaycanlı ifaçıların festivalda iştirakı Pakistanın nüfuzlu Geo News Urdu telekanalının da diqqətini cəlb edib. Telekanal Azərbaycan nümayəndələrinin festivaldakı iştirakı ilə bağlı xüsusi reportaj hazırlayıb. Süjetdə musiqiçilərimizin məşqlərindən görüntülər və Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadənin müsahibəsi təqdim olunub.

Telekanala müsahibəsində Sahib Paşazadə beynəlxalq festivalların müxtəlif xalqları, mədəniyyətləri və musiqiçiləri bir araya gətirən mühüm platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, bu cür tədbirlər sənət adamları arasında yaradıcı ünsiyyətin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına geniş imkanlar yaradır.
Sahib Paşazadə bildirib ki, festival çərçivəsində Pakistan İncəsənət Şurasının prezidenti Məhəmməd Əhməd Şahla Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq perspektivləri də müzakirə olunub. Yaxın vaxtlarda tərəflər arasında əməkdaşlıq memorandumunun hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan musiqiçiləri növbəti festivala da dəvət alıblar.

Sahib Paşazadə, həmçinin festival çərçivəsində Pakistanın dünyaca tanınmış sitar ifaçısı, ustad Əşrəf Şəriflə birgə musiqi ifasının baş tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sənətkar Azərbaycan musiqisinə böyük maraq göstərib, ölkəmizə səfər etmək və Beynəlxalq Muğam Mərkəzində çıxış etmək arzusunu ifadə edib.

Qeyd edək ki, Pakistan İncəsənət Şurasının prezidenti Məhəmməd Əhməd Şah festivalın yekunlarına həsr olunmuş çıxışında incəsənətin sülhün və mədəniyyətlərarası anlaşmanın möhkəmləndirilməsindəki xüsusi rolunu vurğulayıb. O, IV Dünya Mədəniyyət Festivalının 2027-ci il oktyabrın 28-dən noyabrın 21-dək keçiriləcəyini elan edib.