Qidalanma mütəxəssisləri iri və yırtıcı növ olan tuna balığının bədənində yüksək miqdarda civə toplama riski daşıdığını bildirərək onun tez-tez istehlak edilməməsi barədə xəbərdarlıq ediblər.
Milli.Az xəbər verir ki, civə riskindən qorunmaq üçün iri balıqlar əvəzinə sardina, xəmsə (hamsi), kilkə (çaça) və siyənək (rinqa) kimi xırda balıq növlərinə üstünlük verilməlidir. Yüksək protein, omeqa-3, vitamin və minerallarla zəngin olan bu balıqlar ürək, beyin, sümük sağlamlığı və immunitet üçün olduqca faydalıdır.
Konservləşdirilmiş balıq alarkən 5 əsas risk: Mütəxəssislər etiketdəki tərkib hissəsinə diqqət etməyi və xüsusilə ağır souslu məhsullardakı bu risklərdən uzaq durmağı tövsiyə edirlər:
Həddindən artıq duz: Qan təzyiqini yüksəldir və böyrəklərin yükünü artırır.
Əlavə şəkər: Xüsusilə tomat souslu və marinad olunmuş məhsullardakı şəkər nəzarətsiz çəki artımına səbəb olur.
Kimyəvi qatqılar: Qatılaşdırıcılar, dadlandırıcılar, aromalar və qoruyucular məhsulun zərərini artırır.
Ağır souslar: Mayonez və qaymaq əsaslı souslardakı konservalar öz suyunda olanlardan 2-3 dəfə daha kalorilidir.
Günəbaxan yağı: Zeytun yağı əvəzinə günəbaxan yağından istifadə edilməsi orqanizmdə omeqa-3 və omeqa-6 yağ turşularının balansını pozur.
Mütəxəssislər həftədə 1-2 dəfə olmaqla, qatqısız - suda, öz suyunda və ya zeytun yağında hazırlanmış sadə xırda balıq konservalarını seçməyi məsləhət görürlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)