İspaniyalı tanınmış mütəxəssis Xosep Qvardiola karyerasını "Barselona"da davam etdirmək ehtimalına münasibət bildirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı baş məşqçi Kataloniya klubuna qayıtmaq planının olmadığını açıq şəkildə ifadə edib.
O, daha əvvəl çalışdığı komandalarla yenidən əməkdaşlıq etməyin vacib olmadığını vurğulayaraq "Bavariya"nın hazırkı baş məşqçisi Vensan Kompaninin fəaliyyətini də yüksək qiymətləndirib:
"Bavariyaya qayıdacağammı? Üli Höness və Karl-Haynts Rummenigge ilə hələ də əlaqə saxlayıram. Amma əvvəllər işlədiyim kluba yenidən getməliyəm? Məsələn, mən "Barselona"ya qayıtmayacağam. "Bavariya"nın Vensan Kompani kimi əla baş məşqçisi var. Ondan sonra isə yeni, gənc bir mütəxəssis gələcək".
Qeyd edək ki, Qvardiola son olaraq İngiltərənin "Mançester Siti" klubuna rəhbərlik edib. O, "Barselona"nın baş məşqçisi olduğu müddətdə iki dəfə UEFA Çempionlar Liqasının, üç dəfə isə İspaniya La Liqasının qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)