Gürcüstanın Batumi şəhərində iki türkiyəli tələbə hücuma məruz qalıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb bir qrup şəxsin onlardan boyunlarındakı "Beşiktaş" klubunun şərflərini çıxarmağı tələb etməsi olub.
3-4 nəfərdən ibarət qrupun istəyinə qarşı çıxan tələbələrə fiziki güc tətbiq edilib. Nəticədə onlardan biri çiynindən bıçaq xəsarəti alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə əlaqədar Türkiyənin Batumidəki Baş Konsulluğu Gürcüstan rəsmiləri ilə təmas quraraq məsələni müzakirə edib.
Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında Fələstin bayrağı açan türkiyəli azarkeşlərə Gürcüstan polisi müdaxilə etmişdi. Hüquq-mühafizə orqanları azarkeşlərə qarşı bibər qazından istifadə etmiş, qarşılaşma təxminən 40 dəqiqəlik fasilədən sonra davam etdirilmişdi. Görüş "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)