"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır

28 Noyabr 2026 14:25

Belarusda dekabrın 1-dən etibarən dünyanın məşhur musiqi platformalarından biri olan "Spotify"ın fəaliyyəti məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə qərar ölkənin Vergilər və Rüsumlar Nazirliyi tərəfindən qəbul edilib. Qurumun açıqlamasına əsasən, şirkət Belarus büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisi üzrə borcunu bağlamayıb.

Nazirlikdən bildirilib ki, bu səbəbdən platformanın ölkə ərazisində məzmun yayımı dayandırılacaq. Nəticədə şirkətin Belarusdakı abunəçilər hesabına gəlir əldə etmək imkanları da məhdudlaşacaq.

Qeyd edək ki, 2006-cı ildə İsveçdə yaradılan "Spotify" musiqi, podkast və audiokitabların yayımlanması üzrə dünyanın ən böyük platformalarından biridir. Şirkətin məlumatına görə, Belarusda xidmətin təxminən 58 min istifadəçisi var.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)