Əfqanıstanda qadınların hüquqlarını məhdudlaşdıran "Taliban" rejimi yeni qərarı ilə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Bəlx əyalətində qadınların adlarının rəsmi sənədlərdə göstərilməsi qadağan edilib.
Qərara əsasən, dövlət qurumlarının əməkdaşlarına və tibb müəssisələrinin işçilərinə qadınların həqiqi adlarını sənədlərə daxil etməmək göstərişi verilib. Bu məhdudiyyətə həkim reseptləri və xəstəlik tarixçələri də daxildir. Bildirilir ki, bəzi dövlət qurumlarında qadınlara "bibi" deyə müraciət olunması tələb edilir. Hətta bəzi hallarda onlara "keçi" və "inək" kimi təhqiramiz adların verildiyi iddia olunur.
Qadın hüquqları müdafiəçiləri bu addımın qadınların cəmiyyətdəki mövcudluğunu və kimliyini silməyə yönəlmiş siyasətin bir hissəsi olduğunu bildirirlər. Əfqan fəal Lalə Osmani bu münasibəti "insanlıqdan kənarlaşdırma prosesi" kimi xarakterizə edib. ABŞ-də fəaliyyət göstərən "Femena" təşkilatının Əfqanıstan proqramının rəhbəri Zübeydə Əkbər isə qadağanın gələcəkdə ölkənin digər əyalətlərində də tətbiq oluna biləcəyini deyib.
Problemin kökləri daha əvvəlki qərarlara da gedib çıxır. 2017-ci ildə başladılan "Adım haradadır?" kampaniyasının nəticəsində 2020-ci ildə anaların adlarının uşaqların doğum haqqında şəhadətnamələrinə yazılmasına icazə verilmişdi. Lakin "Taliban" hakimiyyətə gəldikdən sonra bu qayda aradan qaldırılıb. Nəticədə boşanmış qadınlar rəsmi sənədlərdə adları göstərilmədiyindən öz övladlarının anası olduqlarını sübut etməkdə çətinlik çəkirlər.
Məlumatda əks olunan başqa bir hadisə isə vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Əfqanıstanlı bir gənc anasının adını ailədə heç vaxt səsləndirmədiklərini, onun əsl adını yalnız qadının ölümündən sonra öyrəndiyini bildirib.
Xatırladaq ki, 2021-ci ildə hakimiyyətə gələn "Taliban" qızların 12 yaşından sonra təhsil almasına, qadınların əksər peşələrdə işləməsinə və ictimai yerlərdə danışmasına qadağalar da daxil olmaqla, 144-dən çox məhdudlaşdırıcı fərman verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)