Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf

29 Noyabr 2026 01:01

Yaponiyalı alimlər xərçəng hüceyrələrinin çoxalmasını dayandırmağa yönəlmiş yeni preparat hazırlayıblar. CTX-439 adlanan preparatın şişəleyhinə təsiri laboratoriya şəraitində və heyvanlar üzərində aparılan sınaqlarda araşdırılıb.

Milli.Az xəbər verir ki, araşdırma Kioto Universitetinin alimləri və "Chordia Therapeutics" şirkətinin mütəxəssisləri tərəfindən aparılıb. Tədqiqatın nəticələri "EMBO Molecular Medicine" elmi jurnalında dərc olunub.

Yeni preparat xərçəng hüceyrələrinin inkişafında mühüm rol oynayan CDK12 və CDK13 fermentlərini hədəf alır. Bu fermentlərin fəaliyyətinin bloklanması hüceyrələrdə genetik məlumatın ötürülməsi prosesinə təsir edir, DNT-nin zədələnməsinin bərpasını çətinləşdirir və xərçəng hüceyrələrinin çoxalmasını məhdudlaşdırır.

Tədqiqatçılar CTX-439-u müxtəlif xərçəng hüceyrələri üzərində, eləcə də süd vəzi xərçənginin siçan modellərində sınaqdan keçiriblər.

Sınaqlar zamanı preparatın təsirinə qarşı davamlılıq yarada bilən BCL-2 və BCL-xL zülalları da müəyyən edilib. Bu zülallar hüceyrələrin təbii ölüm prosesinin qarşısını alaraq xərçəng hüceyrələrinin yaşamasına kömək edir.

Alimlər daha sonra CTX-439-u həmin zülalları bloklayan başqa bir inhibitorla birlikdə sınaqdan keçiriblər. Nəticədə iki preparatın birgə istifadəsi xərçəng hüceyrələrinin proqramlaşdırılmış ölümünü daha da gücləndirib və daha yüksək şişəleyhinə təsir göstərib.

"Chordia Therapeutics" şirkətinin aparıcı elmi əməkdaşı Hiroko Yamakavanın sözlərinə görə, yeni preparatın hazırlanması xərçəng müalicəsində fərqli yanaşmaların inkişafı üçün imkanlar yaradır.

Hazırda alimlər CTX-439-un təsir mexanizmini daha ətraflı araşdırmağı və kombinə edilmiş müalicənin effektivliyini əlavə klinikayaqədərki sınaqlarda yoxlamağı planlaşdırırlar.

Qeyd edək ki, preparat hələ tədqiqat mərhələsindədir və onun insanlar üzərində effektivliyi təsdiqlənməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)