Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq

27 Noyabr 2026 23:08

Öd kisəsindəki daş səbəbindən noyabrın 16-da İstanbulda xəstəxanaya yerləşdirilən türkiyəli sənətçi Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxılıb. Sənətçinin həyat yoldaşı Nilşah Ağaoğlu Bingöl sosial şəbəkə hesabında onun son vəziyyəti barədə məlumat verib.

Milli.Az xəbər verir ki, müayinələrdən sonra həkimlər sənətçinin öd kisəsinin əməliyyatla götürülməsinə qərar versələr də, qan və infeksiya göstəriciləri lazımi səviyyəyə enmədiyi üçün əməliyyat hələlik baş tutmayıb. Nilşah Ağaoğlu Bingöl həkimlərə, tibb bacılarına və dostlarına təşəkkür edərək əməliyyatın 4 həftə sonraya təxirə salındığını bildirib.

Yavuz Bingölün öd kisəsi ilə bağlı problemi yeni deyil. O, iyul ayında da eyni səbəbdən Malatyadakı konsertini ləğv etməli olmuş və öd kisəsini gələcəkdə əməliyyat etdirəcəyini açıqlamışdı.

Qeyd edək ki, 2024-cü ildə Nilşah Ağaoğlu ilə ailə quran sənətçinin ümumi vəziyyəti yaxşıdır və təxminən bir ay sonra yenidən əməliyyat olunması gözlənilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)