Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"

27 Noyabr 2026 21:47

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarov ali təhsil müəssisələrinə qəbul sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı təkliflərini açıqlayıb.

Milli.Az xəbər verir ki, cəmiyyət sədri sosial şəbəkə hesabında bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) uzun illər ərzində formalaşdırdığı şəffaf və obyektiv qəbul mexanizmi qorunub saxlanılmaqla yanaşı, qiymətləndirmənin məzmunu genişləndirilməlidir. Onun sözlərinə görə, əsas hədəf yalnız yüksək bal toplayan deyil, analitik düşünməyi, araşdırma aparmağı, fikrini əsaslandırmağı və biliklərini praktikada tətbiq etməyi bacaran gəncləri seçmək olmalıdır.

Murad Ağalarov qəbul prosesində aşağıdakı istiqamətlər üzrə dəyişikliklərin zəruri olduğunu qeyd edib:

Qəbul imtahanlarının məktəb proqramı ilə uzlaşması gücləndirilməli, sualların elmi-metodiki meyarları, çətinlik balansı, həmçinin abituriyentin yaş və bilik səviyyəsinə uyğunluğu əsas götürülməlidir.

Bütün fənlər üçün vahid vaxt yanaşması əvəzinə, fənlərin xüsusiyyətləri, tapşırıqların mürəkkəbliyi və düşünmə müddəti nəzərə alınaraq imtahan vaxtı fərqləndirilməlidir. Xüsusilə riyaziyyat və fundamental elmlər üzrə biliklərin daha dərindən yoxlanılmasına şərait yaradılmalıdır.

Orta məktəb təhsili ilə ali məktəbə qəbul arasında yaranmış məsafə aradan qaldırılmalı, repetitor hazırlığından asılılıq minimuma endirilməli və beynəlxalq qiymətləndirmə təcrübələri tətbiq olunmalıdır.

Ayrı-ayrı ixtisaslar üzrə abituriyentlərin yalnız test nəticələrinin deyil, həmin sahəyə uyğun bacarıq və potensiallarının da qiymətləndirilməsi imkanları araşdırılmalıdır.

Sədr vurğulayıb ki, bütün islahatlar şəffaflıq və obyektivlik prinsiplərini qorumaqla, imtahan nəticəsini deyil, təhsilin keyfiyyətini və məktəbin rolunu ön plana çıxarmaq məqsədilə həyata keçirilməlidir.

Milli.Az