Yunanıstan Prezidenti Konstantinos Tasulas səfərinin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Dolmabağça İş Ofisində rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək danışıqlar aparıblar.
Milli.Az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, Egey və Şərqi Aralıq dənizindəki fikir ayrılıqları, Kipr məsələsi, Gömrük İttifaqının yenilənməsi və viza rejiminin sadələşdirilməsi müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında bütün sahələrdə ciddi potensialın olduğunu bildirib, ortaq miras olan azlıqlar məsələsinə insani yanaşmanın vacibliyini vurğulayıb. O, Türkiyənin Egey dənizini sülh dənizinə çevirmək iradəsini və Egey ilə Şərqi Aralıq dənizinin sabitlik hövzəsi olmalı olduğunu qeyd edib.
Görüş Türkiyə və Liviya arasında 2019-cu ildə imzalanmış Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması Sazişinin Liviya parlamenti tərəfindən təsdiqlənməsi və noyabrın 25-də rəsmi qəzetdə dərc olunmasından cəmi üç gün sonra baş tutub. Yunanıstan, Misir, Bəhreyn və BƏƏ bu sazişə etiraz etsə də, Ankara reaksiyaların hüquqi əsasının olmadığını bildirir.
Qeyd edək ki, 2025-ci ilin fevralında prezident seçilən Konstantinos Tasulasın bu səfəri 2017-ci ilin mayından bəri - təxminən 9,5 illik fasilədən sonra Yunanıstan prezidenti səviyyəsində Türkiyəyə edilən ilk səfərdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)