Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

27 Noyabr 2026 18:56

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan səfiri Kalandia Batumidə UEFA Avropa Liqasının "Beşiktaş"-"Hapoel Beer-Sheva" matçında baş verən insidentlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində "Beşiktaş" və İsrailin "Hapoel Beer-Sheva" komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Saxlanılanların hamısı daha sonra sərbəst buraxılıb.

Xatırladaq ki, ötən gün "Beşiktaş" və "Hapoel Beer-Sheva" arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)