Ata vəfat etdikdən sonra evin kimə qalacağı ilə bağlı cəmiyyətdə yanlış fikirlər var. Bəziləri evin avtomatik olaraq ən kiçik övladın adına keçdiyini düşünsə də, qanunla bu, belə deyil.
Bəs miras bölünərkən kimlərin payı var və evin bir nəfərə qalması hansı halda mümkündür?
Milli.Az xəbər verir ki, evin ən kiçik uşağı avtomatik olaraq ata mülkünün sahibi hesab olunmur. Atanın vəfatından sonra miras açıldıqda uşaqların yaşı, ailədə böyük və ya kiçik olması ata mülkünün birbaşa sahibi olmağı müəyyən etmir.
Belə ki, əgər ata vəsiyyətnamə qoymadan vəfat edibsə, birinci növbə vərəsələr, yəni vəfat edən şəxsin övladları, sağ qalan həyat yoldaşı və atanın valideynləridir. Bu şəxslər Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada bərabər paylı vərəsələr hesab olunurlar. Biri digərindən üstün deyil.
Əgər digər vərəsələr öz paylarından imtina edərlərsə və ya öz paylarını bir vərəsəyə bağışlayarlarsa, o zaman bir vərəsə bütün əmlakın mülkiyyətçisi ola bilər.
Müəllif: Mina Mikayılova