Gürcüstanda saxlanılan türkiyəli azarkeşlər azadlığa buraxıldı - (Video)

27 Noyabr 2026 14:11

Gürcüstanın Batumi şəhərində "Beşiktaş" - "Hapoel Beer-Sheva" oyunu zamanı baş verən insidentlərə görə saxlanılan 16 türkiyəli azarkeş sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Azarkeşlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə həyata keçirilən diplomatik və hüquqi təşəbbüslər nəticəsində azadlığa buraxıldığı bildirilir.

Xatırladaq ki, noyabrın 26-da keçirilən qarşılaşma zamanı "Beşiktaş" azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. İnsident nəticəsində 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qarşıdurma zamanı stadionun infrastrukturuna, o cümlədən oturacaqlara ziyan dəyib. Azarkeşlər oturacaqları polis əməkdaşlarına atıblar.

Hadisə səbəbindən təxminən 30 dəqiqə dayandırılan oyun sonradan bərpa olunub. Qarşılaşma "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)