Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi

27 Noyabr 2026 11:23

BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım" .

Milli.Az xəbər verir ki, bu barədə BDU-ya yeni təyin olunan rektor Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb. 

O, universitetin tarixi nüfuzunun qorunması, təhsilin keyfiyyətinin artırılması, elmi tədqiqatların inkişafı və tələbələrin universitet həyatında fəal iştirakının vacibliyini vurğulayıb.

Məleykə Abbaszadə qeyd edib ki, universitetin nüfuzu təhsilin keyfiyyəti, elmi nəticələr, akademik dürüstlük və məzunların fəaliyyəti ilə təsdiqlənməlidir. Rektor tələbələrə müstəqil araşdırma aparmaq, suallar vermək və elmi tədqiqatlarda iştirak etmək üçün daha geniş imkanların yaradılmasının vacibliyini bildirib.

O, həmçinin fakültələrin mövcud vəziyyətinin, problemlərinin, kadr və elmi potensialının qiymətləndirilməsinin vacib olduğunu deyib:

"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm" .

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)