Fira Cəlilovanın bağ evinə basqın: 30 minlik qızılları oğurlandı (Video)

27 Noyabr 2026 09:05

Aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evində baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı məlumatda hadisənin noyabrın 26-da, saat 22:00 radələrində baş verdiyini bildirib. Aparıcının iddiasına görə, beş avtomobillə əraziyə gələn təxminən 15 naməlum şəxs onun evinə basqın edib.

Fira Cəlilova evdən üç mobil telefonun, dəyəri təxminən 20 min manat olan qədimi boyunbağının və 10 min manatlıq brilyant sırğaların aparıldığını qeyd edib. Bundan başqa, domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların da oğurlandığını iddia edib.

Aparıcı hadisədə iştirak etdiyini düşündüyü avtomobillərdən dördünün dövlət nömrə nişanını da paylaşaraq hüquq-mühafizə orqanlarına müraciət edib.

O, baş verənlərin təcili və obyektiv araşdırılmasını, oğurlanan əşyaların tapılaraq geri qaytarılmasını və hadisəyə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)