Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır

27 Noyabr 2026 05:05

Communications Biology jurnalında dərc olunan yeni araşdırma müasir uşaqlarda allergik xəstəliklərin artmasının əsas səbəblərindən birini üzə çıxarıb.

Milli.Az xəbər verir ki, ABŞ-da 400-dən çox körpə üzərində aparılan tədqiqat zamanı məlum olub ki, uşaqların təxminən dörddə üçündə immun sistemini formalaşdıran Bifidobacterium adlı faydalı bakteriya çatışmır, 24 faizində isə ümumiyyətlə aşkarlanmayıb.

Ana südündəki şəkərləri həzm edərək körpənin immunitetini xarici mühitə hazırlayan bu bakteriyalar emal olunmuş qidalara üstünlük verilməsi, fermentləşdirilmiş məhsullardan uzaqlaşma və antibakterial vasitələrdən həddindən artıq istifadə nəticəsində nəsillər keçdikcə anadan körpəyə ötürülmə qabiliyyətini itirib.

Bağırsaqlarında kifayət qədər Bifidobacterium olmayan körpələrdə 2 yaşına çatdıqda ekzema, astma və müxtəlif allergiyalara tutulma ehtimalı digər uşaqlara nisbətən ən azı 3 dəfə, erkən yaşda antibiotik istifadəsi zamanı isə 3,3 dəfə artır.

Bu bakteriyanın çatışmazlığı xüsusilə qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə daha çox müşahidə olunur, lakin normal doğuşla dünyaya gələn və ana südü ilə qidalanan bəzi uşaqlarda da eyni hal qeydə alınıb. Bağırsaqda bu bakteriya tamamilə yox olduqda ana südü belə təkbaşına onu bərpa edə bilmir və boş qalan yeri zərərli mikroorqanizmlər tutur. Uşaqları 7 il boyunca izləyəcək alimlər hazırda bu qoruyucu baryeri bərpa edəcək xüsusi probiotik həlləri sınaqdan keçirirlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)