TikTok insan beynini öldürür - Tokayev

26 Noyabr 2026 22:01

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-u, xüsusilə gənclərin beyninə mənfi təsir göstərən dəhşətli platforma adlandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev Moskvada Sberbankın təşkilatçılığı ilə keçirilən "Süni İntellekt Dünyasına Səyahət" (AI Journey 2026) beynəlxalq konfransı çərçivəsində gənc süni intellekt istedadları ilə görüşdə bildirib.

"Bu günlərdə hər kəs smartfondan istifadə edir, amma nədənsə insanlar onun yalnız zəng etmək, mesajlaşmaq, bəlkə də film izləmək üçün nəzərdə tutulduğunu düşünürlər. Bir də TikTok var. TikTok insan beynini, xüsusilə də gənclərin beynini məhv edən dəhşətli bir şeydir", - deyə Tokayev qeyd edib.

Prezident vurğulayıb ki, Qazaxıstan əhali üçün rəqəmsal iqtisadiyyat qurmağa çalışır.

"Lakin smartfondan düzgün və bacarıqla istifadə etməklə, məsələn, kənddə və ya kiçik yaşayış məntəqəsində oturaraq da pul qazanmaq mümkündür. Bunun üçün internetə çıxışın olması kifayətdir", - deyə o bildirib.

Tokayevin sözlərinə görə, bunun üçün insanların müvafiq təlimlər keçməsi vacibdir. Bundan sonra onlar qanuni yollarla gəlir əldə edə bilərlər.

"Mən bunu xalqın rəqəmsal iqtisadiyyatı adlandırıram", - deyə Qazaxıstan Prezidenti əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)