Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)

26 Noyabr 2026 19:01

Türkiyəli məşhur müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın valideynləri Reyhan və Cihan Sütşurup cinayətkar dəstənin təhdidinə məruz qalıb.

Milli.Az xəbər verir ki, noyabrın 22-də İstanbulun Tuzla rayonunun Aydınlı məhəlləsində eyni binada yerləşən iki mənzilə silahlı hücum edilib. Gülləbarandan sonra cinayətkar qruplaşma ilə əlaqəli bir şəxs ailə üzvlərinə zəng edərək Cihan Sütşurupun borcunu ödəməsini tələb edib, əks halda ailəni öldürməklə hədələyib.

Təhlükəsizlik kameralarını araşdıran polis əməkdaşları iki şübhəlinin əraziyə piyada gəldiyini, evlərə atəş açdıqdan sonra isə taksi ilə uzaqlaşdığını müəyyənləşdirib. S.F. və Z.A. adlı şəxslər elə hadisə günü keçirilən əməliyyatla saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində cinayətkar dəstə üzvləri ilə "Instagram" üzərindən görüntülü danışdıqlarını və evləri güllələmək təlimatını bu görüş zamanı aldıqlarını bildiriblər.

Şübhəlilərdən birinin mobil telefonunda güllələnmə anının videogörüntüsü aşkarlanıb. Axtarış zamanı hadisədə istifadə olunan 1 ədəd sənədsiz tapança və 7 patron götürülüb. Təlimatı verən şəxslərin tutulması istiqamətində araşdırmalar davam edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)